Millətlər Liqasının ikinci oyununda Azərbaycanla qolsuz heç-heçə edən Lixtenşteyn millisinin düşərgəsində bayram yaşanır.
Lixtenşteyn Futbol Federasiyasının rəsmi saytında məlum qarşılaşma ilə bağlı reportaj dərc olunub.
Qeyd olunub ki, Lixtenşteyn yığması Litva və Malta ilə oyunlardan sonra 7 gün ərzində üçüncü dəfə meydana çıxıb və bu, milli tarixində ilk belə hadisədir.
Oyundan əvvəl əsasən həvəskar futbolçulardan qurulmuş komandanın fiziki durumunun necə olacağı əsas sual idi. Bir həftə ərzində üç oyun və Bakıya yorucu səfər.
Lakin Lixtenşteyn millisinin futbolçuları bütün güclərini meydana qoyaraq kollektiv şəkildə mübarizə apardılar.
Yazıda qeyd olunur ki, Azərbaycan millisinin saysız hücumlarının bir qismi müdafiəçilər tərəfindən dəf edilib, bəzi hücumlarda isə son vuruşlar qeyri-dəqiq alınıb.
Lixtenşteynlilər isə yaxşı təşkilatlanmış şəkildə müdafiə olunub və rəqibin təzyiqini azaltmaq üçün zonalarda diqqətli davranıblar. Hətta görüşün sonlarına doğru qonaqların qələbə qazanmaq şansı da olub.
Andrin Netzerin əks-hücum zamanı say üstünlüyündən yararlana bilməməsi xüsusi şəkildə diqqətə çatdırılıb.
Lixtenşteyn millisinin yarımmüdafiəçisi Marsel Büxel və müdafiəçisi Conas Veyssenhofer 1 xalın qazanılmasında əsas amilin komanda şəklində oyun olduğunu vurğulayıblar.
Conas komandasının fiziki durumunu xarakterizə edərkən diqqətçəkən ifadə işlədib:
“Hazırda çən artıq boşdur. Amma qarşıdakı bazar ertəsi üçün mütləq müəyyən qədər güc toplayacağıq”.
Qrupdakı üç komandanın hər biri 2 oyun keçirəndən sonra vəziyyət belədir: Litva 4 xalla ilk pillədə qərarlaşıb, Azərbaycan 2 xalla 2-ci, Lixtenşteyn 1 xalla 3-cüdür.
HƏBİB / SPORTİNFO.AZ
