“Əlimizdən çıxdılar…”
“Sabah”la oyundan sonra üz-üzə gəldiyim “Neftçi” rəsmilərindən birinin üzündəki təəssüf ifadəsi ilə söylədiyi bu sözlər əslində paytaxt klubunun hazırkı durumunu, daha doğrusu, iddiasını ortaya qoyurdu.
Bəli, “Neftçi” bu oyuna qələbə üçün çıxmışdı. Çempionluğa oynayan, hədəflərini böyüdən komandanı heç-heçə, təbii ki, razı sala bilməzdi.
Komandanın aparıcı üzvlərindən Elvin Bədəlovun matçdan əvvəl saytımıza açıqlamasında səsləndirdiyi “Öz meydanımızda yalnız və yalnız qələbəni düşünürük” fikri də, Yuri Vernidubun qarşılaşmadan sonra “Bu gün 2 xal itirdik” deməsi də “ağ-qaralar”ın əsas məqsədini açıq şəkildə ortaya qoyurdu.
Əvvəllər də “Neftçi”dən çempionluq iddiaları eşitmişik. Ancaq həmin vaxt bu açıqlamalar reallıqdan daha çox pafos təsiri bağışlayırdı. İndi isə mənzərə fərqlidir.
Komandanın meydanda göstərdiyi oyun, nümayiş etdirdiyi xarakter, futbolçu seçimi və heyətdəki keyfiyyət çempionluq uğrunda həqiqətən də ciddi mübarizənin gedəcəyindən xəbər verir.
“Sabah”la qarşılaşmada 90 dəqiqə ərzində “Neftçi” müəyyən epizodlarda oyuna nəzarət etməyi, real qol imkanları yaratmağı və güclü rəqibinə müdafiədə ciddi boşluqlar verməməyi bacardı.
Bütün bunlar komandanın tədricən özünə gəldiyini, əvvəlki iddiasını meydanda da göstərməyə başladığını düşünməyə əsas verir.
Əlbəttə, bu, hələ başlanğıcdır. Cəmi 7 tur geridə qalıb, qarşıda isə 26 oyun var. Mövsümün uzun marafonunda hər şey dəyişə bilər.
Ancaq indiki mənzərə onu göstərir ki, “Neftçi” zaman keçdikcə daha da yaxşılaşa, oyununu təkmilləşdirə və çempionata əlavə rəng qata bilər.
Ən vacibi isə budur ki, klub daxilindəki ab-hava dəyişib. “Neftçi” rəhbərliyi təkcə sözdə yox, əməldə də çempionluğa köklənib və başqa nəticə ilə kifayətlənmək istəmir.
Yuri Vernidubun qarşısına qoyulan əsas hədəfin də klubun 90 illik yubileyində çempionluq qazanmaq olduğu hiss edilir.
“Sabah” Çempionlar Liqasında mübarizə aparır və eyni zamanda bir neçə cəbhədə yarışır. “Qarabağ” isə heyətində ciddi dəyişikliklərdən sonra yenidən formalaşma prosesindədir.
Bu mənzərədə “Neftçi”nin çempionluq arzusunu reallaşdırması heç də əlçatmaz görünmür. Sözsüz, bunun üçün indiki oyun səviyyəsini qorumaq, heyət keyfiyyətini nəticələrə çevirmək və mövsümboyu sabitlik nümayiş etdirmək lazımdır.
Bir məqam isə gün kimi aydındır. “Neftçi” geri qayıtmaq əzmindədir.
Bəlkə də, bu qayıdış hələ reallaşmayıb, amma istiqamət bəllidir. “Ağ-qaralar” yenidən iddialı olmaq, rəqiblərinə çempionluq mübarizəsində ciddi rəqibə çevrilmək istəyir.
Azərbaycan futbol ictimaiyyəti də buna yalnız sevinə bilər. Çünki “Neftçi”siz Azərbaycan çempionatının, Azərbaycan futbolunun dadı-duzu yoxdur.
HƏBİB / SPORTİNFO.AZ
