“Sabah” Premyer Liqada ilk xal itkisinə yeddinci turda uğradı. “Neftçi“nin qonağı oldular və meydandan qolsuz bərabərliklə ayrıldılar.
Onların oyununda rəqibə təzyiq göstərmək və müdafiə xəttini daha irəli zonalarda qurmaq yanaşması diqqət çəkən məqamlardandır. Lakin yüksək pressinq yalnız topun rəqibdən tez alınması ilə qiymətləndirilmir. Təzyiqin kollektiv şəkildə həyata keçirilməsi, arxa xətlərin sığortalanması və top qazanıldıqdan sonra hücumun düzgün davam etdirilməsi də eyni dərəcədə vacibdir.
Belə oyunlarda rəqibin pressinqdən çıxış yollarını məhdudlaşdırmaqla yanaşı, öz hücumlarını konkret təhlükəyə çevirmək lazımdır. Çünki taktiki üstünlük yalnız meydanın müəyyən hissəsində topa daha yaxın olmaq deyil, bu üstünlükdən nəticə çıxarmaqdır.
“Sabah”ın iddiası yüksəkdirsə, növbəti mərhələdə diqqət yalnız oyunun təşkilinə deyil, yaradılan üstünlüyün qol imkanlarına çevrilməsinə də yönəlməlidir.
Hər iki komandanın start heyətində cəmi üç yerli futbolçu yer alırdı. “Neftçi”də Emil Balayev və Rüfət Abbasov, “Sabah”da isə Rəhman Daşdəmirov start heyətində meydana çıxmışdı.
İkinci hissədə vəziyyət qismən dəyişdi. “Sabah”da Aleksey İsayev 62-ci dəqiqədə, “Neftçi”də isə Emil Səfərov 65-ci dəqiqədə meydana daxil oldu. Beləliklə, matç ərzində hər iki komandanın heyətində ümumilikdə beş azərbaycanlı futbolçu oynamaq imkanı qazandı.
Bəs ehtiyatda qalanlar?
“Neftçi”də Rza Cəfərov, Məhdi Həsənov, Emin Mahmudov və Elvin Bədəlov meydana çıxmadılar. “Sabah”da isə Amin Ramazanov, Rəvan Mirzəmmədov və Tellur Mütəllimov ehtiyat oyunçular sırasında qaldılar.
Təbii ki, futbolçunun meydana çıxmamasının müxtəlif səbəbləri ola bilər. Baş məşqçinin taktiki seçimi, oyunçunun fiziki vəziyyəti, rəqabət və konkret matçın tələbləri nəzərə alınmalıdır. Bir oyuna əsasən futbolçuların keyfiyyəti və ya məşqçilərin qərarları barədə qəti hökm vermək düzgün olmaz.
Amma məsələ təkcə bu 90 dəqiqə deyil. Məsələ yerli futbolçuların inkişaf perspektividir.
SPORTİNFO.AZ
