"Neftçi" ilə oyunda başverənlər "Sabah"ın ulduzuna yaraşmadı

22:20 Sabah 158
"Neftçi" ilə oyunda başverənlər "Sabah"ın ulduzuna yaraşmadı

Velko Simiç ötən mövsüm Premyer Liqanın ən yaxşı legioneri hesab olunurdu.

Komandanın əsas fiquru idi, onsuz “Sabah”ı təsəvvür etmək mümkün deyildi.

Avrokuboklarda da komandasının uğurlarında mühüm rol oynayır, qollar vurur, bombardirlik edir.

“Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanmasında da böyük əməyi oldu.

Simiçin meydandakı oyunu ilə yanaşı, intizamlı davranışını da bəyənirdik.

Deyəsən, bu futbolçu da ulduz xəstəliyinə tutulub.

Düzdür, adətən bu cür halları gənc futbolçularda görürük.

Ancaq Velko Simiç karyerasının zirvəsinə Azərbaycanda çatıb.

30 yaşında “Sabah”da ulduzu parlayıb. Görünür, indi isə özünə nəzarəti itirməyə başlayıb.

Futbolu bir kənarda qalır, başqa məqamlar ön plana çıxır.

“Neftçi” ilə son oyunda baş verənlər belə düşünməyə əsas verir.

Bu qədər təcrübəli futbolçu meydanda nə etdiyini bilmirdi. “Ağ-qaralar”ın bir futbolçusunu itələyir, digərinə zərbə endirirdi.

Hətta komanda yoldaşları belə onu sakitləşdirə bilmirdi.

Nəticədə baş məşqçi Valdas Dambrauskas onu əvəzlədi. Çünki vəziyyətin qırmızı vərəqəyə doğru getdiyini o da görürdü.

Əslində, həmin epizodda Simiçə qırmızı vərəqə göstərilməli idi. Sanki hakim onu bağışladı. Məncə, buna ehtiyac yoxdur. Simiçi azarkeşlərə sevdirən onun meydandakı futboludur. Belə neqativ hallar nə qədər çox yaşanarsa, ona qarşı simpatiya da bir o qədər antipatiyaya çevrilə bilər.

Düzdür, futbol emosiya oyunudur. Bəzən ən sakit futbolçuları belə özündən çıxarır. Amma istənilən halda, bu, belə davranışlara haqq qazandırmır.

Simiç hərəkətlərinə bir qədər daha diqqətlə yanaşsa, özü üçün də, komandası üçün də daha yaxşı olar.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti