Sportinfo.az 2017-ci ildə icarə əsasında “Neftçi”də çıxış etmiş çexiyalı müdafiəçi Pavel Dreksanın futbolinfo.az-a müsahibəsini təqdim edir:
– “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində həmyerlilərinizlə – “Slaviya” (Praqa) ilə qarşılaşacaq. Bu oyun haqqında nə düşünürsünüz? Sizcə, hansı komandanın qələbə qazanmaq şansı daha çoxdur?
– Bilirsiniz ki, “Slaviya” çox yaxşı komandadır və fiziki cəhətdən yüksək səviyyədədir. Bu məşqçi ilə indiyədək Çempionlar Liqasında qələbə qazana bilməyiblər. Buna görə də əminəm ki, “Sabah”a qarşı üç xal qazanmaq üçün oyuna tam köklənəcəklər.
– “Slaviya”nın güclü tərəfləri hansılardır? Komandanın hansı xətti daha təhlükəlidir?
– Onların çox yaxşı müdafiə strukturu var. Hər bir futbolçu rəqibinə qarşı təkbətək mübarizə aparır. Meydanın hər yerində rəqib futbolçuları izləyirlər. Çox aqressiv oynayırlar və düşünürəm ki, bu xüsusiyyət “Sabah” üçün bir çox problem yarada bilər.
– “Sabah”ın oyunlarını izləyirsiniz? Komanda haqqında nə düşünürsünüz?
– Düzünü desəm, yalnız oyunların icmallarına baxmışam. Amma baş məşqçi Valdas Dambrauskası Kiprdən tanıyıram. O, çox yaxşı məşqçidir, komandaları həmişə yaxşı oyun strukturuna və intizama malik olur. Həmçinin bilirəm ki, klub futbolçulara sərmayə yatırır və heyətdə yüksək keyfiyyətə malik bir neçə oyunçu var.
– “Neftçi”nin oyunlarını izləyirsiniz? Komanda hazırda yaxşı çıxış etmir. Bu barədə nə düşünürsünüz? Sizcə, niyə yaxşı oynamırlar və istədikləri nəticələri əldə edə bilmirlər?
– “Neftçi”də keçmiş komanda yoldaşım Bassala Sambu oynayır. Buna görə də yenə yalnız oyunların icmallarına baxmışam. Düşünürəm ki, onların çox yaxşı heyəti var, amma komandada hələ də nəsə çatışmır. Hər il vəziyyət demək olar ki, eyni olur. Arzu edirəm ki, komanda daha yaxşı çıxış etsin və onları qarşıda daha parlaq gələcək gözləsin.
– “Neftçi” ilə hər hansı əlaqəniz varmı? Bu gün “Sabah” – “Neftçi” oyunu keçiriləcək (müsahibə paytaxt derbisindən öncə götürülüb – müəl.). Sizcə, hansı komandanın qalib gəlmək şansı daha çoxdur?
– Xeyr, artıq xeyli vaxt keçib, demək olar ki, 10 il olub. Mən həmişə “Neftçi”nin azarkeşi olmuşam. İnanıram ki, “Sabah” “Slaviya” ilə oyuna köklənəcək, “Neftçi” isə bu axşam qələbə qazanacaq.
