Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Bakıda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) matçının hakimləri məlumdur.
Sportinfo.az xəbər verir ki, oyunu avstriyalılar idarə edəcək.
Qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq. Yan xətlərdə ona həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
Bu oyun baş hakim üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, 1988-ci ilin oktyabrın 13-də anadan olan Qishamer 38-ci yaşını Bakıda – Bakı Olimpiya Stadionunda tamamlayacaq. Təsəvvür edin, ad günündə iş başında olacaq.
Avstriyalı referi hakimliyə 22 il əvvəl, 16 yaşında başlayıb. Buna baxmayaraq, Avstriyanın yüksək liqa matçlarına 29 yaşında təyinat alıb. Bundan 2 il sonra isə FİFA referisi statusuna yiyələnib.
Qishamer futbolda tam ştatlı peşəkar hakim deyil. Sadəcə əsas işindən əlavə hakimliklə məşğul olur.
Onun əsas peşəsi inşaat mühəndisidir ki, ali təhsilli mühəndis olaraq Almaniyanın Berxtesqaden şəhərində layihələndirmə və memarlıq bürosunu idarə edir. Həmçinin daşınmaz əmlak şirkətlərində iştirak paylarının olduğu bildirilir. Həftədə təxminən 50 saat memarlıq və layihələndirmə bürosunda çalışır.
O, indiyə qədər dörd dəfə Azərbaycan təmsilçilərinin görüşlərini idarə edib.
İlk dəfə 2017-ci ildə Avstriyada Çexiya ilə Azərbaycanın U-21 millilərinin qarşılaşmasında iş başında olub. Həmin vaxt beynəlxalq hakim status daşımasa da, oyuna yerli referi kimi dəvət olunub. Çexlər millimizi 5:0 hesabı ilə darmadağın edib.
Növbəti dəfə bizimkilərlə yolu 2023-cü ilin payızında kəsişib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveçdə “Hakken”lə “Qarabağ” arasındakı görüşdə avstriyalı ədalət təmsilçisi meydanda əsas söz sahibi olub ki, 90 dəqiqənin tamamında “köhlən atlar”ın 1:0 hesablı qələbəsinə şahidlik edib.
2025-ci ilin oktyabrında Polşada Ukrayna ilə Azərbaycanın əsas milliləri arasında keçirilən qarşılaşmanı da bu şəxs idarə edib. Görüş ukraynalıların 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Bundan bir ay sonra isə Bakıya səfər etməli olub. Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la “Çelsi”nin duelində yaşananlara qiymət vermək üçün.
Ayağı bu dəfə də ağdamlılar üçün düşərli olub. İngiltərə nəhəngi ilə oyun 2:2 hesabı ilə başa çatıb. Yeri gəlmişkən, bu matç Qishamerin Çempionlar Liqasında idarə etdiyi ilk görüş kimi tarixə düşüb.
Beləliklə, Bakıda ad gününü qeyd edəcək “inşaat mühəndisi” Çümpionlar Liqasında ikinci oyununu idarə etmək üçün yenə Bakıya səfər edəcək.
İşin maraqlı tərəfi odur ki, 9 il əvvəl U-21-in çexlərə 0:5 hesablı yenilgisinə şahidlik etmişdi. Bu dəfə meydanda olan komandalardan biri yenə Çexiya komandası – “Slaviya” olacaq.
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
