Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni “match.affa.az” saytı və “@AFFA.istedadlar” sosial media layihəsi ictimaiyyətə təqdim olunub.
Sportinfo.az xəbər verir ki, tədbirdə AFFA-nın rəqəmsal platformaları, gənc futbolçuların inkişafı və aşağı yaş qruplarında futbolun təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib.
Təqdimat mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov və AFFA-nın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov çıxış edərək, layihələrlə bağlı fikirlərini bölüşüblər.
Təqdimat mərasimində layihələrin məqsəd və fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında dünya çempionatı üçün 10 meydançanın istifadəyə veriləcəyini bildirib:
“U-15 dünya çempionatı çərçivəsində inşa edilən yeni yarış və məşq mərkəzi gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcək. Hazırda mərkəzdə son quruculuq işləri görülür. Arena ən müasir standartlara uyğun şəkildə inşa edilir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar”.
Daha sonra Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov da layihələrin əhəmiyyəti və futbolun inkişafı istiqamətində görülən işlərlə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan futbolunun gələcək inkişafını arzulayır və bunun üçün çalışırıq. Xatırladaq ki, ötən dövrlərdə sənədlərdə 200 min nəfərə yaxın uşağın futbolçu kimi qeydiyyata alınması halları mövcud idi.
Əsas məqsədimiz və istəyimiz odur ki, yaxın illərdə rəsmi siyahılarda formal göstəriciləri deyil, məhz meydandakı real futbolçuları və onların nəticələrini izləyə bilək”.
AFFA-nın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov isə təqdim olunan layihənin əhəmiyyəti ilə bağlı bunu deyib:
“Layihələrin həyata keçirilməsində heç bir xarici şirkətin xidmətindən yararlanılmayıb. Təşəbbüslərin əsas əhəmiyyəti akademiyalarla federasiya arasında birgə əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər. Birgə fəaliyyət sayəsində Azərbaycan futbolunda daha böyük uğurlara nail olmaq mümkündür”.
“Match.affa.az” saytında gənclər futbolu, yarışlar və inkişaf istiqamətində məqalələr yayımlanacaq. Platforma vasitəsilə AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi çempionatlar haqqında da məlumat əldə etmək mümkün olacaq.
