Zamir Həsənovun gedişindən sonra klubun məşqçilər korpusunda münasibətlərin gərginləşdiyi iddia olunur.
Baş məşqçi Fərid Namazovla latviyalı mütəxəssis Ervins Perkons arasında nə baş verir?
“İmişli” FK-da son günlər baş verənlər klubun yalnız meydandakı nəticələrini deyil, komandanın daxili idarəetməsini də müzakirə mövzusuna çevirib.
Zamir Həsənovun komandadan ayrılmasından sonra məşqçilər korpusunda münasibətlər əvvəlki kimi deyil.
İddialara əsasən, baş məşqçi Fərid Namazovla onun köməkçisi, Latviyadan olan Ervīns Pērkons arasında fikir ayrılıqları yaşanır. Hətta vəziyyətin tədricən qarşılıqlı etimadsızlıq və “soyuq müharibə” xarakteri aldığı bildirilir.
Perkons baş məşqçiyə qarşı mövqe formalaşdırmağa çalışdığı da iddia olunur.
Fərid Namazov Azərbaycan futbolunda məşqçilik fəaliyyəti ilə tanınan mütəxəssislərdəndir. UEFA Pro lisenziyasına malik olan məşqçi 2024/2025 mövsümündə “İmişli”nin Azərbaycan Premyer Liqasına yüksəlməsində mühüm rol oynayıb.
Bu nəticə klubun yaxın tarixində əhəmiyyətli mərhələdir. Namazovun komandaya rəhbərlik etdiyi dövrdə əldə olunan uğur onun işinə qiymət verilərkən nəzərə alınmalıdır.
Məhz buna görə də baş məşqçi ilə köməkçisi arasında fikir ayrılığı varsa, məsələnin şəxsi münasibətlərə çevrilməsi yox, peşəkar müstəvidə həlli vacibdir.
Həm Fərid Namazovun, həm də Ervins Perkonsun UEFA Pro lisenziyasına malik olması onların peşəkar hazırlıq səviyyəsini göstərir.
Lakin yüksək kateqoriyalı məşqçi olmaq yalnız taktiki biliklər demək deyil. Komanda daxilində əməkdaşlıq, səlahiyyət bölgüsü və vahid qərarvermə prinsipi də vacibdir.
Baş məşqçi ilə köməkçi arasında fikir ayrılıqları futbolun təbii hissəsidir. Problem həmin fikir ayrılıqları komandanın gündəlik işinə, futbolçuların hazırlığına və ümumi atmosferə təsir göstərdikdə başlayır.
Son günlər “İmişli” ətrafında yalnız məşqçilər korpusu ilə bağlı deyil, təşkilati və maliyyə məsələləri ilə əlaqədar da məlumatlar yayılıb. Akademiya əməkdaşlarının əməkhaqlarının gecikməsi və maliyyə hesabatları ilə bağlı məsələlər mətbuatda işıqlandırılıb.
Bununla yanaşı, Zamir Həsənovun və baş skaut Rəsul Allahverdiyevin klubdan ayrılması da diqqət çəkib. Klubun açıqlamasına görə, Həsənov milli komandadakı işlərinin çoxluğu, Allahverdiyev isə şəxsi işlərinin sıxlığı səbəbindən ayrılıb.
Bu hadisələri birbaşa məşqçilər arasındakı iddia edilən qarşıdurma ilə əlaqələndirmək üçün kifayət qədər əsas yoxdur. Bununla belə, klubda baş verən dəyişikliklər rəhbərliyin şəffaf kommunikasiya aparmasının vacibliyini artırır.
“İmişli”nin əsas məqsədi daxili münasibətlər deyil, meydandakı nəticələr və klubun inkişafı olmalıdır. Baş məşqçi, köməkçilər, futbolçular və rəhbərlik arasında koordinasiya pozularsa, bunun mənfi təsirini sonda komanda hiss edə bilər.
Redaksiyamız məsələ ilə bağlı klub rəhbərliyinin, Fərid Namazovun və Ervins Perkonsun mövqeyini işıqlandırmağa hazırdır.
SPORTİNFO.AZ
