Yeni ünvan, tanış problem – Onu burada nə gözləyir?

9 Aprel 23:40 Araz-Naxçıvan 698
Yeni ünvan, tanış problem – Onu burada nə gözləyir?

Azər Bağırovla yolları ayıran "Araz Naxçıvan" qısa zaman kəsiyində yeni çalışdırıcı ilə anlaşdı.

"Qəbələ"dən ayrılmasının heç bir ayı tamam olmayan Elmar Baxşıyev vakant posta gətirildi.

İlk öncə onu qeyd etmək yerinə düşər ki, Azər Bağırovun göndərilməsi və ya ayrılmasına zəmin yaradılması yanlış qərar idi. Gənc mütəxəssisin klubun üzərində böyük əməyi vardı.

Bu gün "Araz" Premyer Liqada yerini qorumağı təmin edibsə, avrokuboklar şansını saxlayıbsa, ona borcludur.

Amma heç nə daimi deyil.

Bağırovun də Muxtar Respublika karyerası beləcə sona çatdı.

Həyat davam edir. Klub gələcəyini Baxşıyevlə görməyə qərar verdi.

"Araz" adına uğurlu seçim adlandırmaq olar. Elmar müəllim özünü "Qəbələ"dəki işi ilə təsdiqləmiş mütəxəssisdir.

Bacarığına şübhə yoxdur. Heyətdə yer alan futbolçular da onun istəklərinə uyğun gələn özəlliklərə sahibdir.

Axı Azər müəllim də hücum futbolunu sevən, meydana yansıdan baş məşqçi kimi yadda qaldı.

Amma Baxşıyev üçün uğurlu ünvan olub-olmamasını demək çətindir.

Hər kəsin ağlına ilk olaraq Zaur Axundov gəlir. Onunla dil tapmaq elə də asan deyil. Elə Elmar Baxşıyevi də həmin çətinliklər gözləyir.

Bundan başqa Muxtar Respublika klubu demək olar bütün oyunlarını səfərdə keçirir. Hansısa bazadan, məskunlaşmadan söhbət gedə bilməz.

Bunu ciddi problem kimi qabartmaq olar. Lakin bu mənzərə yeni çalışdırıcı üçün yad deyil.

O, "Qəbələ"də də oxşar şərtlər altında işləyirdi. Hələ bir qədər də çətin. "Araz" Bakıda qalır, Bakıda hazırlaşır, ev oyunlarını da burada keçirir.

"Qırmızı qaralar" isə Bakı Olimpiya Stadionunda (BOS) hazırlıq keçib, rəqiblərini Qəbələ şəhər stadionunda qarşılayırdı.

"Araz" Mərdəkanda yalnız fanklub dəstəkləyirsə, aşağı-yuxarı "Qəbələ"ni də eyni sayda azarkeş qrupu Qəbələdə dəstək olurdu.

Bir sözlə, təyinata birmənalı olaraq müsbət diaqnoz qoymaq da olmur, uğursuzluq yaşanacağını ehtimal etmək də. Ən yaxşısı zamanın ixtiyarına buraxmaqdır.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti