Azərbaycan Premyer Liqasında top qovan legionerlərin milli komandalarında göstərdiyi performans son günlər xüsusi diqqət çəkir.
Onlar klublarında vurduqları qollarla yanaşı, ölkələrinin yığmalarında da fərqlənərək Azərbaycan çempionatının adını beynəlxalq arenada səsləndirirlər.
“Sabah”ın “qol maşını” Coy-Lens Mikels Ruanda millisinin heyətində Liberiyaya qarşı oyunda penaltidən fərqlənərək komandasının qələbəsinə töhfə verib.
Yeri gəlmişkən, “Zirə”nin mərkəz müdafiəçisi Anje Mutsinzi də Mikels kimi ilk “11-lik”də yer alıb və sona qədər əvəzlənmədən oynayıb.
“Qarabağ”lı Renaldo Sefas isə Yamayka millisinin Qvatamela ilə görüşündə ikinci hissədə meydana çıxıb və 90+4-cü dəqiqədə vurduğu qələbə qolu ilə ölkəsində qəhrəmana çevrilib.
“Neftçi”nin futbolçusu Denzel Jupitana da Surinam millisinin heyətində Hondurasla oyunda öz sözünü deyib.
Komandası 1:2 hesabı ilə geridə olduğu vaxt baxımlı qola imza atan Jupitana hesabı bərabərləşdirib. Surinam bundan sonra daha bir qol vuraraq 3:2 hesablı qələbə qazanıb.
Siyahıya Sessi Dalmeydanı da əlavə edə bilərik. Düzdür, təcrübəli yarımmüdafiəçi qol vurmayıb.
O, Benin millisini meydana kapitan sarğısında çıxarmaqla 1:1 başa çatan qarşılaşmada pay sahiblərindən olub.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Premyer Liqası yalnız öz sərhədləri daxilində deyil, beynəlxalq arenada da xoş görüntü qazanır.
Burada çıxış edən futbolçular milli komandalarında fərqləndikcə onların təmsil etdiyi klubların, dolayısı ilə Azərbaycan çempionatının adı da daha geniş auditoriyaya çatır.
Bir legionerin milli komandada vurduğu qol, təkcə onun şəxsi uğuru deyil. Həmin qol Azərbaycan Premyer Liqasının da vitrininə çevrilir.
Bu baxımdan, legionerlərimizin beynəlxalq arenadakı hər uğurlu çıxışı ölkə futbolunun tanıdılması və Premyer Liqamızın nüfuzunun artırılması baxımından əlavə bir reklamdır.
HƏBİB / SPORTİNFO.AZ
