“Millinin heyətində dəyişikliyə ehtiyac var, bəziləri əvvəlki güclərini göstərə bilmirlər”

07:40 İslam Oyunları 136
“Millinin heyətində dəyişikliyə ehtiyac var, bəziləri əvvəlki güclərini göstərə bilmirlər”

Şahmat üzrə Azərbaycanın kişi millisi Ümumdünya Şahmat Olimpiadasında uğurla çıxış etsə də, qadınlardan ibarət yığmanın heyətində yenilənməyə ehtiyac var.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında şahmat mütəxəssisi Fikrət Sideifzadə deyib.

O, kişi şahmatçıların nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib:

"Kişilər əslində yaxşı oynadılar. Heyətdə iki gənc şahmatçının yer alması çox vacib faktordur. Yarışda ümumilikdə 44 oyundan cəmi ikisində məğlub olublar, bu da kifayət qədər normal göstəricidir. Məhəmməd Muradlı ilə Aydın Süleymanlı möhkəm oyun nümayiş etdirirlər, demək olar ki, uduzmurlar. Əlbəttə, Olimpiadada hələlik medal qazanmamışıq, lakin bu, çox güclü turnirdir".

Ekspert qadın millisinin nəticələrinin zəif olduğunu və heyətin yenilənməyə ehtiyac duyulduğunu bildirib:

"Qadınların nəticəsi zəifdir. Bu heyətlə artıq 10 ildən çoxdur oynayırlar. Avropa çempionatlarında üç medal qazansalar da, Olimpiadada uğur yoxdur. Yaş faktoru artıq sözünü deyir. Gənc şahmatçılar tapıb onların yerini doldurmaq, səviyyələrini qaldırmaq lazımdır. Komandaya daha çox enerjisi, motivasiyası olan və nəticəyə can atan gənclər gəlməlidir".

F.Sideifzadə bəzi şahmatçıların əvvəlki formalarında olmadığını vurğulayıb:

"Bəzi şahmatçılarımız əvvəlki güclərini göstərə bilmirlər. Bir vaxtlar Günay Məmmədzadə çox yaxşı, təzyiqlə oynayırdı. İndi isə bəzi səbəblərə görə formadan düşüb. Gülnar Məmmədova kifayət qədər yaxşı səviyyədə çıxış etsə də, medal qazanmaq üçün bu bəs etmir. Turnirdə Qazaxıstan, Hindistan, Çin, ABŞ kimi güclü rəqiblər var. Hətta Qazaxıstan ikinci yeri tutdu. Qadın millimizin nəticələrinin səbəbləri təhlil olunmalıdır".

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət komandası 17 xalla 5-ci olub. Qadınlardan ibarət kollektiv isə 15 xalla 16-cı yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız