“Səbail”də gözlənilməz ayrılıq baş verib.
Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan klub avqustda sıralarına qatdığı 4 legionerdən biriylə yolları ayırıb.
Son olaraq “Ferroviario”da (Braziliya) çıxış etmiş Felipe Hulkla 1+1 illik müqaviləyə vaxtından xeyli əvvəl xitam verlib.
99 nömrəli formanı geyinən 30 yaşlı hücumçu qarşılıqlı razılıq əsasında düşərgəni tərk edib. Buna səbəb cənubi amerikalı legionerin sağlıq durumunda yaranan problemlərdir.
Belə ki, “sambaçı“nın başında şiş aşkarlanıb. Eyni zamanda, ayaq nahiyəsində xroniki problem üzə çıxıb.
I Liqanın iddialısı Hulkun yerini tez doldurub. Qubaya köçməyə hazırlaşan klub hücum xəttini başqa bir əcnəbiylə gücləndirib.
Çempionatın ilk 3 turunda cəmi 4 qol vuran sabiq «dənizçilər»in ön xətti düşünməsi başadüşüləndir.
Çünki Premyer Liqaya birbaşa vəsiqə uğrunda mübarizə aparan komandanın məhsuldarlığı aşağıdır. Vəziyyəti düzgün qiymətləndirən rəhbərlik Babakar Mbup ilə anlaşıb.
Seneqallı mərkəz oyunçusu ilə mövsümün sonunadək qüvvədə qalacaq müqavilə imzalanıb.
Yaşı 24, boyu 1,92 sm olan afrikalı bunadək Serbiyada legioner həyatı yaşayıb. Bu ölkədə «Qrafaçar» və «Radniçki»nin formasını geyinib.
«Səbail» hazırda 7 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 2 qələbə və 1 heç-heçə əldə edən kollektiv ilk iki pilləni bölüşən «Şahdağ»la «Gəncəbasar»dan 2 xal geridədir.
SPORTİNFO.AZ

