Premyer Liqada cari mövsümün ikinci baş məşqçi istefası yaşanıb.
Bu dəfə Cavid Hüseynov iş yerini itirib. İyunda «Araz-Naxçıvan»ın sükanı arxasına keçmiş gənc mütəxəssis vəzifəsindən uzaqlaşdırılıb.
Saytımız bu barədə klubdan son dəqiqə məlumatı əldə edib.
«Ağ-qırmızılar»ın düşərgəsindən redaksiyamıza ötürülən informasiyaya görə, bu, Zaur Axundovun qərarıdır.
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Premyer Liqanın altıncı turu çərçivəsində dünən «Şamaxı»ya 1:2 hesablı məğlubiyyətdən bərk qəzəblənib.
NFF-nın rəhbəri matçın ardından təcili toplantı keçirərək, Hüseynovu vəzifəsindən uzaqlaşdırmaq barədə qərar qəbul edib. Əgər Axundov fikrini dəyişməsə, ayrılıq qərarı bu gün açıqlanacaq.
Muxtar Respublika təmsilçisi Cavid Hüseynovu Elxan Məmmədovun məsləhəti əsasında görəvə gətirib. AFFA-nın sabiq icraçı vitse-prezidenti yaxın dostu olan Zaur Axundovdan onu sükan arxasına əyləşdirməyi xahiş edib.
İş adamı tərəddüd hissi keçirmədən Məmmədovun sözünü yerinə yetirib. Fəqət, nəticələr bu işbirliyini uzunmüddətli etməyib.
Çempionatın altı turu ərzində 4 məğlubiyyət alan komanda turnir cədvəlində sonuncu - 12-ci pilləyə enincə, yollar ayrılıb.
Bu isə mövsümün sayca ikinci vidasıdır. Daha öncə «Qəbələ» rəhbərliyi eyni addımı atıb. «Qırmızı-qaralar» üçüncü turda «Şamaxı» ilə evdə qolsuz bərabərə qalınca, Kaxaber Sxadadze ilə kontrakta xitam verib.
SPORTİNFO.AZ

