«Xankəndi»nə yeni baş məşqçi təyin olunub.
Röyal Nəcəfov komandanın sükanı arxasına keçib.
O, özüylə bura iki köməkçi gətirib - Aydın Qasımov və Seymur Bəydəmirov. Tərəflər arasında bağlanan müqavilə 2027-ci ilin yayınadək qüvvədə qalacaq.
Klub rəhbərliyi Nəcəfovun qarşısına orta sıralar uğrunda mübarizə aparmaq məqsədi qoyub. I Liqanın debütantı 3 turdan sonra 1 xal toplayıb.
Kollektiv turnir cədvəlinin 7-ci pilləsində yer aldığı üçün Zaur Hacıyev istefaya göndərilib.
2026-cı ilin əvvəlində «Xankəndi»ya gələn, onu II Liqanın çempionu edən, yayda kontraktın müddətini 1 illik uzadan çalışdırıcı buradan söz-söhbətlə yola salınıb.
Hacıyev işini davam etdirməyə cəhd göstərib, lakin rəsmilər oyunçuları məşqə çıxarmasına imkan verməyiblər.
«Xankəndi» Nəcəfovun I Liqada ikinci iş yeridir. Gənc çalışdırıcı ötən mövsüm «Baku Sportinq»in başında dayanıb.
Buzovna təmsilçisi Premyer Liqaya vəsiqəyə ümid bəsləsə də, o, ümidləri doğrultmayıb. Qəsəbə komandası mövsümü dördüncü pillədə başa vurduğundan, onunla yollar ayrılıb.
SPORTİNFO.AZ
