Bakının BOS-u “Barselona”ya necə hazırlaşır? - Burada nələr dəyişir?

21:20 Gündəm 193
Bakının BOS-u “Barselona”ya necə hazırlaşır? - Burada nələr dəyişir?

Bakı Olimpiya Stadionu yenidən böyük futbol gecəsinə hazırlaşır.

Uzun müddətdir beynəlxalq futbol qarşılaşmalarına ev sahibliyi etməyən arena oktyabrın 13-də “Sabah”la Çexiyanın “Slaviya Praqa” komandaları arasında keçiriləcək Çempionlar Liqasının liqa mərhələsi oyununu qəbul edəcək.

Son illərdə əsasən dövlət tədbirlərinin keçirildiyi stadionda futbol matçının təşkili üçün hazırlıq işlərinə artıq start verilib. Hazırda arenada canlanma müşahidə olunur, müxtəlif istiqamətlər üzrə işlər paralel şəkildə aparılır.

Əsas diqqət isə təbii ki, meydana yönəlib. Stadionun ot örtüyünün yenilənməsinə başlanılıb.

Hazırda qazonla bağlı işlərin təxminən 40-50 faizi tamamlanıb. Qarşılaşma gününə qədər meydançanın futbol üçün tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub.

Amma böyük futbol matçının keçirilməsi yalnız meydançanın vəziyyətindən asılı deyil. Stadionun daxilində də ciddi hazırlıq prosesi gedir.

Paltardəyişmə otaqları, media üçün iş sahələri, mətbuat konfransı zalı, media tribunası, azarkeşlərin giriş-çıxışı üçün nəzərdə tutulmuş turniketlər və parkinq ərazisi də xüsusi diqqət mərkəzindədir.

Bir sözlə, qarşıdakı günlərdə Bakı Olimpiya Stadionunda işlərin tempi daha da artacaq.

Məqsəd isə bəllidir – uzun fasilədən sonra arena Çempionlar Liqasının tələblərinə uyğun şəkildə böyük oyuna hazır vəziyyətə gətirilməlidir.

“Sabah”ın “Slaviya Praqa” ilə qarşılaşması həm klub, həm də Bakı Olimpiya Stadionu üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu oyunla arena uzun fasilədən sonra yenidən beynəlxalq futbolun səsini eşidəcək.

Hazırlıq işlərinin oktyabrın 13-dək tam başa çatdırılması və stadionun futbol qarşılaşması üçün əvvəlkindən daha müasir və əlverişli vəziyyətə gətirilməsi gözlənilir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti