«Araz-Naxçıvan»ın yeni baş məşqçisi yerli olmayacaq.
Saytımız bu yöndə son dəqiqə məlumatı əldə edib.
Aldığımız məlumata görə, Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov yaxın çevrəsinə bu haqda öz mövqeyini çatdırıb.
O, komandanı əcnəbi mütəxəssisə tapşıracağını söyləyib.
NFF-nın birinci şəxsi «ağ-qırmızılar»ı mövcud vəziyyətdən çıxaracaq şəxsin yalnız xarici biri ola biləcəyini söyləyib. Axundov mümkün namizədlərlə şəxsən özünün danışıqlar aparacağını diqqətə çatdırıb.
Bəlli olduğu kimi, Premyer Liqada cari mövsümün ikinci baş məşqçi istefası yaşanıb. Bu dəfə Cavid Hüseynov iş yerini itirib.
İyunda «Araz-Naxçıvan»ın sükanı arxasına keçmiş gənc mütəxəssis vəzifəsindən uzaqlaşdırılıb. Bu, Zaur Axundovun qərarıdır.
NFF-nın prezidenti Premyer Liqanın altıncı turu çərçivəsində dünən «Şamaxı»ya 1:2 hesablı məğlubiyyətdən bərk qəzəblənib.
Matçın ardından təcili toplantı keçirərək, Hüseynovu vəzifəsindən uzaqlaşdırmaq barədə qərar qəbul edib. Əgər Axundov fikrini dəyişməsə, ayrılıq qərarı bu gün açıqlanacaq.
Muxtar Respublika təmsilçisi Cavid Hüseynovu Elxan Məmmədovun məsləhəti əsasında görəvə gətirib. AFFA-nın sabiq icraçı vitse-prezidenti yaxın dostu olan Zaur Axundovdan onu sükan arxasına əyləşdirməyi xahiş edib.
İş adamı tərəddüd hissi keçirmədən Məmmədovun sözünü yerinə yetirib. Fəqət, nəticələr bu işbirliyini uzunmüddətli etməyib.
Çempionatın altı turu ərzində 4 məğlubiyyət alan komanda turnir cədvəlində sonuncu - 12-ci pilləyə enincə, yollar ayrılıb.
Bu isə mövsümün sayca ikinci vidasıdır. Daha öncə «Qəbələ» rəhbərliyi eyni addımı atıb. «Qırmızı-qaralar» üçüncü turda «Şamaxı» ilə evdə qolsuz bərabərə qalınca, Kaxaber Sxadadze ilə kontrakta xitam verib.
SPORTİNFO.AZ
