Naci Şensoy Azərbaycan futbol ictimaiyyəti üçün sevilən simadır.
Türkiyəli mütəxəssisin səsləndirdiyi fikirlər və verdiyi açıqlamalar hər zaman diqqət çəkir, bəzən isə geniş rezonans doğurur.
Şensoyla uzun müddətdir söhbətləşmirdik.
Bu dəfə onunla əlaqə saxlamağımızın məqsədi Azərbaycan futbolunun hazırkı vəziyyəti, klublarımızın avrokuboklardakı çıxışı, Premyer Liqanın səviyyəsi və təbii ki, onun vaxtilə çalışdırdığı “Turan Tovuz”la bağlı suallara cavab tapmaq idi.
Əlaqə saxladıq, söhbətləşdik. Səmimi və kifayət qədər maraqlı müsahibə alındı.
(əvvəli ötən yazılarda -
https://www.sportinfo.az/idman_xeberleri/musahibe/260816.html
https://www.sportinfo.az/idman_xeberleri/musahibe/260897.html)
-Burada Gənclər və İdman Nazirliyinin çox ciddi iştirakı lazımdır. AFFA ilə birlikdə nazirlik xüsusi bir komanda formalaşdırmalıdır. Araşdırmaq lazımdır: niyə gürcülər daha uğurlu olurlar? Niyə kosovolular daha uğurlu nəticələr əldə edirlər?
- Bütün bunlar araşdırıldıqdan, müəyyən yatırımlar edildikdən və dediyim kimi, gənc futbolçulara şans verildikdən sonra niyə olmasın? Mənim fikrim budur. Bu, kompleks yanaşma tələb edən məsələdir. Sadəcə bir nəfərlə bağlı deyil, yaxud hansısa bir rəhbərin üzərinə qoyulacaq məsələ deyil. Bu, Azərbaycan futbol siyasətinin, dövlətin futbol strategiyasının bir hissəsi olmalıdır.
- Keçək çempionata. Premyer Liqamızı zləyirsiniz? Təbii ki, hər gün oturub oyunlara baxmırsınız. Amma yəqin ki, ara-sıra göz gəzdirirsiniz.
– Ötən mövsüm işləyirdim deyə, sadəcə statistika baxımdan – cədvəldə vəziyyət necədir, kim neçəncidir – bunlara baxırdım. Amma indi liqanı ətraflı şəkildə izləyirəm. İndiyə qədər altı fərqli ölkədə çalışmışam və açıq danışım, Azərbaycana qayıtmaq, orada işləmək mənə həmişə maraqlı olub. Çünki mən Azərbaycanda son sözümü hələ deməmişəm. Bilirəm ki, çox şey edə bilərəm. Xüsusilə 10-15 illik fasilədən sonra… Azərbaycanda sonuncu dəfə 2011-ci ildə çalışmışam, demək olar, 15 il keçib. Ona görə də indi çempionatı diqqətlə izləyirəm. Liqa, təəssüf ki, iki yerə bölünüb. Dörd-beş güclü komanda var, digərləri nisbətən zəifdir. Hazırda 12 komanda var.
- “Turan Tovuz”un kifayət qədər yaxşı büdcəsi var. Təbii ki, “Sabah”, “Qarabağ” və “Neftçi”dən bir qədər geri qalır, amma kifayət qədər normal sponsoru var. Ötən mövsüm üçüncü yeri tutaraq avrokuboklara vəsiqə qazandı. Rəhbərlik səviyyəsində çox yaxşı işlər görülür. Yeni akademiya binası tikilib, çayın kənarında futbol meydançaları salınıb, Bakıda - Kürdəxanı qəsəbəsində yeni təlim-məşq kompleksi tikilib. Bunları eşitdikcə ağlınızdan “Kaş mən də orada olaydım, orada çalışaydım” fikri keçir?
– Mənim işlədiyim dövrdə də dördüncü yerləri tutmuşduq. Yəni “Turan”ın indi əldə etdiyi uğuru biz həmin vaxt artıq yaşamışdıq. Amma təəssüf ki, bunun davamı gəlmədi. Həmin dövrdə rəhbərliyin əsas hədəfi çempion olmaq idi. Amma mərhum Tahir Yusifov klubdan ayrıldı, maliyyələşməni dayandırdı və mən də komandadan ayrılmaq məcburiyyətində qaldım. Mən də dedim ki, əgər sizin məqsədləriniz kiçilibsə, böyük hədəfləriniz yoxdursa, mən də ayrılıram. İndi isə “Turan”ın bu səviyyəyə gəlməsi sevindiricidir. Bu komandanın “Qarabağ”, “Neftçi” və xüsusilə “Sabah”la rəqabət aparması asan məsələ deyil. Heç də asan deyil. Buna görə onları təbrik etmək lazımdır.
- Bilirsiniz yəqin, baş məşqçi türkmən mütəxəssis Kurban Berdıyevdir.
- Kurban Berdiyev nüfuzlu insandır, həm də xarakter etibarilə çox ciddi adamdır. İşinə ciddi yanaşan, öz ideyaları olan peşəkardır. Berdıyevi təbrik edirəm.
– Amma bir məsələ də var. Praqmatik futbol oynadır deyə, azarkeşlər narazıdırlar.
– Başa düşürəm. Tovuzlu azarkeşlər mənim dövrümdə buna hücum futboluna öyrəşmişdilər. Mən bir qədər hücumameyilli futbol oynadırdım. Futbolçulara kimlik qazandırmaq çox vacibdir. Onlara inanmaq, özünəinam vermək lazımdır. Bu, məşqçi üçün ən çətin işlərdən biridir. Bu gün futbolda qapanmaq, müdafiəyönümlü oyun oynamaq daha asandır. Amma hücum futbolu oynatmaq çox çətindir. Mən də futbolçularıma məhz həmin çətinliyi aşmağa çalışmağı öyrətmişəm.
– Düşünün, sizi Tovuza dəvət edib, yaxın 1-2 il üçün qarşınıza çempionluq hədəfi qoyurlar. Yükün altına girərsiniz?
– Əlbəttə, girərəm. Amma eyni zamanda rəqiblərin nə etdiyini də real şəkildə masaya yatırardım. Rəhbərliyə bütün bunları izah edərdim. Büdcə çox önəmlidir. Alınacaq legionerlərin səviyyəsi, futbolçuların keyfiyyəti vacibdir. Çempionluq səviyyəsinə uyğun heyət qurmaq lazımdır. İndi çox şey dəyişib. Dünən yuyunduğun su axıb gedib, qardaş. Çay eynidir, yataq eynidir, amma o su artıq axıb gedib. Futbol da dəyişir, şərtlər də dəyişir. Ona görə məndən nə tələb olunursa, hazıram. Amma şərtləri də obyektiv şəkildə masaya yatırmaq lazımdır. Məsələ budur.
- Mənə elə gəlir ki, siz məşqçi kimi bacarıqlısınız. Sadəcə tələbkar və sözü üzə deyən olmağınız bəzi klub rəhbərlərini sizinlə əməkdaşlıq etməkdən çəkindirir.
– Niyə belə düşündüyünüzü bilmirəm. Mənimlə işləmək çox asandır. Sadəcə mərd və dürüst olmaq lazımdır. Mən yalanı sevmirəm. Oturub üz-üzə danışmaq lazımdır: “Potensialımız budur, büdcəmiz budur, qarşımızda bu rəqiblər var”. Axı futbolda tək sən oynamırsan. Sənin qarşında rəqiblər də var. Ona görə də bu fikrin haradan yarandığını bilmirəm. Mən bunu ilk dəfə səndən eşidirəm. Ola bilər, amma mən qətiyyən elə deyiləm.
HƏBİB / SPORTİNFO.AZ
