Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır.
Bu barədə Ukraynanın bir neçə media qurumu “TaToTake”yə istinadən məlumat yayıb.
Bildirilir ki, 57 yaşlı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib və yaxın zamanda komandanın baş məşqçisi təyin olunacaq.
Y.Maksimov Azərbaycan futboluna tanış simadır.
O, “Araz Naxçıvan”ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə “Keşlə”də işləyib. Baş məşqçi kimi bu komandaya Azərbaycan kubokunu qazandırıb.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Dünən klub uğursuz nəticəyə görə baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.
Ukraynalı mütəxəssis karyerası ərzində “Dnepr-1”, “Krivbass”, “Taraz” və digər klubları da çalışdırıb.
Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı “Vorskla” olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.
2026-cı ilin yanvar-may aylarında “Araz-Naxçıvan”ı digər ukraynalı mütəxəssis Andrey Demçenko çalışdırıb. Saytımızın əldə etdiyi son dəqiqə məlumatına görə, Naxçıvan təmsilçisi artıq Maksimovla əlaqə yaradıb.
Bu işlə sırf Axundovun özü məşğuldur. Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti tərəfindən adıçəkilən mütəxəssisə konkret müqavilə təklif olunub.
Kontrakt 2027-ci ilin iyununadək nəzərdə tutulub. Hazırda tərəflər arasında danışıqlar tam sürətlə irəliləyir. Anlaşma baş tutsa, o, qarşıdakı bir neçə gün içində Azərbaycana təşrif buyuracaq.
SPORTİNFO.AZ
