Ölkənin bir nömrəli qapıçısı olası adamın başına gələnlərə baxın!

19:00 Premyerliqa 218
Ölkənin bir nömrəli qapıçısı olası adamın başına gələnlərə baxın!

"Qarabağ" "Şəfa" oyununun əsas qəhrəmanlarından biri Əlirza Müştəbazadə oldu. Baş məşqçi Zaur Həşimovun etimadını qazanaraq ilk dəfə əsas heyətdə yer alan 24 yaşlı kiper 90 dəqiqə ərzində çox yaxşı performans sərgilədi.

Hətta bir epizodda olduqca kritik, demək olar ki, ölü topu xilas etməklə "Şəfa"nı oyunda saxladı.

Yalnız Ağdam klubu penalti vuruşundan sonra onu məyus edə bildi.

Ümumiyyətlə, mənə görə Müştəbazadə son illərdə Azərbaycan futbolunda yetişən ən yaxşı qapıçılardan biri, bəlkə də birincisidir. Sadəcə, futbol taleyi çox şanssızdır.

2 mövsüm öncə "Səbail"də parladı, milli komandaya dəvət aldı. Əvvəlki şərtlərdə legioner limiti qüvvədə olsaydı, bəlkə də bir çox klublarımız onu heyətinə qatmaq üçün növbəyə düzülərdi.

Amma legioner limitinin ləğvindən sonra yerli futbolçulara marağın azalması ondan da yan keçmədi. O, Birinci Liqaya üz tutmalı oldu.

Təbii ki, onun aşağı liqaya getməsinin səbəblərindən biri də aldığı yaxşı təklif idi. Birinci Liqa üçün üç illik müqavilə və aylıq təxminən 15-20 min manat maaş kifayət qədər böyük rəqəmdir. "Şəfa" bu pulu Əlirzaya elə-belə vermədi. Yaxşı qapıçı olduğu üçün verdi.

Amma söhbət karyeradan gedirdisə, məhz 22-23 yaşında birinin Birinci Liqaya üz tutması onun karyerasında geriyə addım idi.

Təəssüf ki, kiper burada daha böyük şanssızlıq yaşadı.

Elə Birinci Liqanın ilk turlarında Zaqatala səfərində ağır zədə aldı. Qolu sındı və demək olar ki, bütün mövsümü boşa verməli oldu.

Komandası Premyer Liqaya vəsiqə qazandıqdan sonra Əlirza da yavaş-yavaş özünə gəlirdi, hazırlıqlarda iştirak edirdi. Bu dəfə isə futbolçunun barmağı sındı və yenidən bir müddət kənarda qalmalı oldu.

Amma bütün bu uğursuzluqlara, şanssızlıqlara rəğmən "Qarabağ"la oyunda Əlirza yenə özündə güc tapıb meydanın ən yaxşılarından biri olmağı bacardı.

Bu qapıçının əsas üstünlüyü odur ki, özünə çox güvənir. Rəqibdən, komandasının vəziyyətindən asılı olmayaraq, özünə inanır. Ayaqla çox yaxşı oynamaq bacarığı var, refleksləri çox sürətlidir. Reaksiyalarına görə isə onu bir qədər Şahruddin Məhəmmədəyevə oxşadardım.

Təəssüf ki, indi növbəti şanssızlıq onu gözləyir.

Nicat Mehbalıyevlə rəqabətdə artıq müəyyən mənada qalib gəldiyini demək olardı. Bəlkə də bundan sonra "Şəfa"nın əsas qapıçısı kimi Müştəbazadəni görmək mümkün idi. Amma Tiago Silvanın transferi yəqin ki, Elşad üçün yenidən ehtiyat skamyaya yol açacaq.

Etiraf edək ki, "Zirə"nin sabiq qapıçısı Premyer Liqa üçün kifayət qədər səviyyəli transferdir. Səviyyəli legionerdir. Azərbaycanlı futbolçunun portuqaliyalı, özü də bu səviyyədə olan kiperlə rəqabətdə qalib gəlməsi isə asan görünmür.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti