“Relaxing Nəriman”, futbol “instagram”da oynanmır

28 Sentyabr 19:40 Problem 729
“Relaxing Nəriman”, futbol “instagram”da oynanmır

Futbolçu meydanda susub, “instagram”da danışmağa başlayanda, adətən ortada nəyinsə qaydasında getmədiyini düşünmək üçün əsas yaranır.

Nəriman Axundzadənin son paylaşımları da istər-istəməz belə bir sual yaradır: 22 yaşlı futbolçu karyerasını qurmağa çalışır, yoxsa onu tənqid edənlərlə sosial şəbəkə üzərindən mübarizə aparır?

Axundzadə yenə paylaşım edərək “Relaxing” yazıb.

Bu dəfə Azərbaycanla Çexiyanın U-21 millilərinin oyunundan fotoları təqdim edərək “Relaxing 2” qeyd edib. Yəni “rahatlıq”, “dincəlmək”…

Amma nədənsə bu “rahatlığın” arxasında futbol adına böyük bir narahatlıq görünür.

İlin əvvəlində ABŞ-a gedən futbolçu orada işləri istədiyi kimi alınmadı deyə, yayda Türkiyəyə qayıtdı və “Ərzurumspor”la müqavilə bağladı. Hələ “Ərzurumspor”un düşərgəsində olduğu vaxt da “Relaxing” paylaşımı etmişdi və kifayət qədər qınanmışdı.

İndi isə həmin hekayənin ikinci seriyasını izləyirik.

Problem “Relaxing” sözündə deyil. İstəsə, gündə 10 yazsın.

Problem ondadır ki, futbolçunun meydandakı fəaliyyəti ilə sosial şəbəkədəki aktivliyi arasında qəribə bir fərq var.

Çexiya ilə oyunda meydana çıxırsan, adi epizodda topu saxlaya bilmirsən, epizod uğursuz alınır, gülüş obyektinə çevrilirsən, sonra da sosial şəbəkədə özünü göstərməyə davam edirsən.

Məncə, Nəriman bir şeyi anlamalıdır. Səni tənqid edənlərə “instagram”da cavab vermək çıxış yolu deyil Həmin adamlara meydanda cavab vermək lazımdır.

Çünki sosial şəbəkədə hamı futbolçudur, meydanda isə yox.

Orada ayaqlar danışır. Orada texnika danışır. Orada xarakter danışır. Orada sürət danışır. Orada zəhmət, intizam və inad danışır.

Futbolçuya xarakter lazımdır. Həm də ciddi xarakter.

Səni ələ salırlarsa – daha çox çalış.

Səni tənqid edirlərsə – meydanda cavab ver.

Sənə inanmırlarsa – özünü sübut et.

Nərimanın cəmi 22 yaşı var. Bu yaşda futbolçunun qarşısında hələ çox qapı açıla bilər. Onun “Kolombus Kryu” ilə müqaviləsinin olması da karyerasının davamı üçün imkanların var olduğunu göstərir.

Nərimanın qarşısında iki seçim var. Ya sosial şəbəkədə onu ələ salanlara ucuz paylaşımlarla cavab vermək, ya da futbol meydanlarında vurduğu qollar, verdiyi qol ötürmələri ilə bir gün həmin adamların qarşısına çıxıb “Mənə baxın, mən bacardım” demək.

İkincisi variant üçün “Relaxing” yox, “Working” lazımdır.

Çox işləmək. Çox məşq etmək. Səbr etmək. Tənqidə dözmək. Və ən əsası, özünü meydanda sübut etmək.

Çünki futbolçunun ən böyük tribunası “instagram” yox, qazonun üstüdür.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO