İyulun 3-də “Sumqayıt” barədə yazı hazırlamışdım.
Qeyd etmişdim ki, bütün klublar özünə əl qatsa da, “kimyaçılar” hələ də “yuxudadır”. Nə baş məşqçi təyinatı açıqlanıb, nə də transferlərdə aktivlik var. Və bu gedişlə komandanı xoş gələcək gözləmir.
Premyer Liqanın 6 turu geridə qalıb. “Böyük şəhərin tək komandası” 5 oyunun nəticəsinə görə (bir matç az keçirib – H.) qələbə üzünə həsrət qalan 2 komandadan biridir. Cəmi 4 top vurub, öz qapısından 8-ci buraxmaqla 2 xalla “Araz-Naxçıvan”la birlikdə son 2 pilləni bölüşür.
“Sumqayıt”ın uğursuzluğu ilə bağlı azı 10 bəhanə göstərmək olar – “qara zolaq”, bəxtsizlik, şanssızlıq, əlacsızlıq, qol fürsətlərini boşa vermək, konsentrasiyanı itirmək və sair və ilaxır.
Bunun bir səbəbi var, o da komandanın mövsümə istədiyi kimi və əvvəldən hazırlanan plan üzrə hazırlaşmaması.
Təsəvvür edin, yeni baş məşqçi – Filipe Kandido kollektivə iyulun 9-da təqdim edildi. Yəni çempionatın başlamasına təxminən 1 ay qalmış.
Heyətin komplektləşməsi də kifayət qədər zaman aldı. Bu günün özünə qədər transferlər həyata keçirilir və hiss olunur ki, baş məşqçi futbolçu sayından, ya da keyfiyyətində razı deyil.
İnsafən, “Sumqayıt”ın göstərdiyi futbol bərbad deyil. Məsələn, “Kəpəz”lə qarşılaşmada 3 xala kifayət qədər yaxın idi və 75-80 dəqiqə ərzində göstərdiyi futbolla bunu haqq edirdi.
Kollektivin birlikdə az vaxt keçirməsi, baş məşqçinin oyun fəlsəfəsini tam aşılaya bilməməsi, xətlərarası əlaqənin istənilən səviyyədə olmaması və bu kimi amillər “kimyaçılar”ın nəticələrinə təsirini göstərir.
Baş məşqçinin çempionata hazırlaşmaq üçün 4-5 həftə vaxtı olubsa, transferlər vaxtında edilməyibsə, 5 oyunda qazanılan 2 xalın özü də qənimətdir.
Daha da betəri olmayıbsa, şükür etsinlər.
HƏBİB / SPORTİNFO.AZ
