Dəyərsiz adamın iş-gücü

26 Fevral 2020 20:00 Sumqayıt 1 232
Dəyərsiz adamın iş-gücü

Premyer Liqa klublarının mübarizəsi gündən-günə və dəyişməz mənzərə ilə davam edir.

Dəyişməz olan qış fasiləsindən sonrakı həmişəki qeyri-sabitlikdir.

Bu dəfə də “Qarabağ” istisna olmaqla, qalan komandalar üçüncü dövrədə oyundan-oyuna tamamilə fərqli və bir-birinə bənzəməyən sima ilə çıxış edirlər.

Görünən odur ki, bu mənzərə az-çox hələ bir neçə tur da davam edəcək. Yəni qeyri-müəyyənlik var və tezliklə bitənə oxşamır. Çünki turdan-tura güclənən və ya sabitqədəm olan komanda yoxdur.

“Sumqayıt” da “Neftçi” və ya “Sabah” kimi, yolun tam ortasındadır. İlk baxışda, fasilədən sonra istənilən nəticələr var. Lakin bu qış yuxusundan ayılmayan rəqiblərlə müqayisədə belədir.

Adı çəkilən iki rəqibdən fərqli olaraq, “Sumqayıt”a favorit gözü ilə baxılmır və bu səbəbdən komandanın fürsətdən istifadə etməsi normaldır.

Elə ilk dövrədən bunu digər rəqiblər görməli və hazır olmalıydılar. Elə kollektiv özü də yeni statusuna köklənməli və ən azı taktiki planda böyüməliydi.

Məsələn, “Neftçi” ilə matçda «Sumqayıt» özünə aşkar güvənirdi. Lakin son turda “Qarabağ”dan çəkindiyi də göz önündəydi. Yol verilən qüsurları fasildən sonra düzəltmək əvəzinə, elə ikinci hissənin debütündə buraxılan səhvlə daha da dərinləşdirdilər.

Əgər “Qarabağ” bir az təzyiq etsədi, yəqin acı nəticələri görmək mümkün olacaqdı. Məncə, bu, komandanın daha çox xeyrinə olardı.

Bunu belə də qəbul edib təhlillər aparsa, yəqin ki, Ayxan Abbasov daha iddialı və güclü kollektiv qura biləcək. Bunun üçün ona dəstək verilməsi mütləqdir.

Dəstək göstərməsi gərəkən bir nömrəli şəxs Riad Rəfiyevdir. Yəni ki, klubun prezidenti. Təəssüf, o, bunu etməyə və etməyə də həvəsli görünmür. Rəfiyev üçün «Sumqayıt»dan daha vacib işlər var.

Azərbaycanda bir belə yığma komanda və 5-6 klub var. Bəs onlara kim məşqçi və futbolçu təklif etsin, satsın? Hər gün Sumqayıta günorta - hamı işini görüb qurtarandan sonra özünü yetirən Rəfiyev menecerlik fəaliyyəti daha maraqlıdır. Hər halda böyük pulları bu sahədən qazanır və «Sumqayıt»dan əldə etdikləri onun gözünə qəpik-quruş kimi görünür.

O, özünə 140 minlik avtomobil ala bilir, di gəl, futbolçuların mükafatını vermir. Bayramda futbolçuları pulsuz qoyan prezidentdir və ondan nə desəniz, gözləmək olar.

Ayxan Abbasovun bu qədər köməksiz vəziyyətdə qaldığı halda, komandanı əlində saxlaması, öz oyun fəlsəfəsini tətbiq etməsi, intizam tədbirlərinə diqqət ayırması fədakarlıqdır, özünədəyərdir.

Bu gənc məşqçi balaca dairədə böyük işlər çevirir, qurur, yaradır. Abbasov bir az normal büdcəli klubda, fikri-zikri işində olan prezidentlə çalışsa, daha ciddi işlər görər.

Rəfiyev Abbasovun dəyərini bilmir, bilsə də, o dəyəri ona vermir. Çünki «Sumqayıt» və Sumqayıt futbolu ondan ötrü dəyərsizdir.

Şəhriyar Vəliyev

Digər Xəbərlər
Xəbər Lenti