“Sumqayıt”ın iki legioneri ilə bağlı müəmma davam edir. Söhbət mərkəz müdafiəçisi İmani Barker və yarımmüdafiəçi Masaki Muratadan gedir.
Daha əvvəl xəbər verdiyimiz kimi, hər iki futbolçu yeni baş məşqçinin planlarına daxil deyil və onlara özlərinə yeni klub tapmaları barədə xəbərdarlıq olunub.
Bu xəbərdarlıqdan artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq, hər iki futbolçu hələ də komandanın düşərgəsindədir və əsas heyətlə məşqlərdə iştirak edir.
Lakin legionerlərə bu dəfə daha sərt xəbərdarlıq olunub. Bildirilib ki, yeni klub tapa bilməsələr, mövsümü kənarda qalmaqla keçirməli olacaqlar.
“Kimyaçılar” hər iki futbolçunu yeni mövsüm üçün sifariş etməyi düşünmür.
Burada əsas məqamlardan biri legioner limitinin ləğvindən sonra ödənilən rüsumdur. Klub hesab edir ki, Barker və Muratanın sifariş edilməsinə görə ödəməli olduğu vəsaiti yeni legionerlərin transferinə yönəltmək daha məqsədə uyğundur.
XANOĞLAN/ SPORTİNFO.AZ
