Son illərdə Azərbaycan millisinin heyətində “Suqmayıt”dan azı bir futbolçunun adına rast gəlirdik.
Səbuhi Abdullazadə ilə Rüstəm Əhmədzadə baş məşqçi Ayxan Abbasovun bəyəndiyi futbolçulardandır.
Lakin bu dəfəki toplanışda zədəli Səbuhi Abdullazadə məlum səbəbdən dəvət almadı, Rüstəm Əhmədzadə ilə Emil Mustafayev isə çağırılmadı.
Görünür, “kimyaçılar”ın Premyer Liqada uğursuzluq zolağından çıxa bilməməsi Abbasovun qərarına öz təsirini göstərib.
“Sumqayıt”ın aparıcı simalarından olan Emil Mustafayev 2024-cü ildən bu yana milliyə çağırılmaması ilə bağlı Sportinfo.az-a bunları deyib:
“Mən hər zaman millidən dəvət gözləyirəm. Və bunun üçün əlimdən gələni edirəm.
Baş məşqçi çempionatı izləyir. Hamını və hər şeyi görür. Əgər dəvət göndərməyibsə, deməli, nəsə çatmır.
Qətiyyən ruhdan düşmürəm. Əksinə, ikiqat çalışmaqda, məşq etməkdə davam edəcəyəm. Sübut etməliyəm ki, mən də yığmada olmağa layiqəm.
Ukrayna və Azərbaycan milliləri arasındakı seçimimi çoxdan etmişəm və buna görə qətiyyən peşman deyiləm. Bura mənim tarixi vətənimdir”.
24 yaşlı solaxay yarımmüdafiəçi 2024-cü ildə millidə 5 oyun keçirib. O vaxtdan sonra millinin sıralarında görünməyib.
HƏBİB
