Filipe Kandido Azərbaycandan təklif alanda və bu təklifi qəbul edəndə, Premyer Liqamızı belə bilmirdi.
Hər şey ona asan gəlirdi.
Güman ki, «Qarabağ»dan başqa bir klubun adını eşitməmiş, oyununu izləməmişdi. O da ki, Çempionlar Liqasında.
Və bəlkə də düşünürdü ki, Azərbaycandır da, nə var e, gedib rahat-rahat işləyəcəm, həm istirahət edəcəm, həm də nəticə qazanacam.
Əvvəl-əvvəl belə idi. Son həftələrdə vəziyyət nisbətən dəyişib.
Portuqaliyalını bura kabab iyinə gələnlərin siyahısından tezliklə çıxarmalı olacağıq.
Bunadək ölkəsinin birinci və ikinci liqalarında işləmiş Kandido yanaşmasındakı xətanı artıq anlayıb. Premyer Liqanın rəqabətli və güclü olmasının fərqinə varıb.
«Sumqayıt»ın axır üç həftədəki oyunu ümidvericidir. Bu nikbinliyi yaradan Kandidonun hücuma yönəlik tərzidir. Saşa İliçdən fərqli, həmkarı müdafiəçilərinin səhv etməsindən qorxmur.
Komandasının oyunu irəli çəkməsini, rəqibin qapısı ağzında çoxluq yaratmasını, ön paslardan istifadə faizini artırmasını istəyir. Arxaya ötürmələr, yan paslar tədricən azalmaqdadır.
Portuqalıyalı özünün oyun şablonunu yavaş-yavaş «Sumqayıt»lılara qəbul etdirir.
Düzdür, o, hələ qələbəylə tanış olmayıb, lakin bilin - o gün yaxındadır. Əlavə bir-iki doğru transfer əməliyyatı da həyata keçirilsə, ilk «beşlik»də «Sumqayıt»ın adını görəcəyik.
MUSA
