Birilərinin Çempionlar Liqasının oyunu gözündə gördüyü «Sabah» - «Qarabağ» qarşılaşması necə başlamışdısa, elə də bitdi.
Doğrudur, «Sabah» hər hissədə bir dəfə qonaqların turunu silkələdi, bununla belə, baş hakim Rəşad Əhmədov yan xətdəki və VAR otağındakı köməkçilərinin da iştirakıyla onları qeydə almadı.
Gərgin keçən 90 dəqiqə oldu. Yalnız gərginlik. Mən bu matçı maraqlı adlandırmazdım. Qapılar ağzında yaradılan təhlükəli epizodların sayı nəzərindən
İstər Stas Pokatilov, istərsə də Şahruddin Məhəmmədəliyev tez-tez istirahət imkanı əldə etdi. Üstlərinə az top gəldi.
«Qarabağ» son çempiondan çəkinərək oynadı. Meydanın heç bir tərəfində risk almadılar.
Mübarizə aparmaqla kifayətləndilər, müdafiənin qayğısına daha çox qaldılar. Çempionlar Liqasında çıxış edən rəqibə qarşı oynadıqlarını unutmadılar, ehtiyatı gözlədilər.
Qurban Qurbanovun yayda yenilədiyi heyət hələ də ümidləri doğrultmur. Aradan artıq 5 aya yaxın vaxt keçir, biz yenə o «Qarabağ»ın kölgəsini müşahidə etmirik.
Təzələnmiş komandanın problemləri fikirləşdiyimizdən qat-qat çox imiş. Bu da Qurbanov üçün tamam fərqli mərhələdir, ağır imtahandır.
18 illik «Qarabağ» keçmişində belə sınaqla ilk dəfə üzləşir və yəqin özünə də maraqlıdır ki, bu xəmir hələ nə qədər su aparacaq.
O, bilmirsə və konkret zamana işarə eləmirsə, mən, sən, biz haradan bilək? Demək, «Qarabağ» tərəfdarı da yenə bir müddət səbrini basmalı, hövsələli olmalıdır.
MUSA
