8-ci turun açılış matçında “Şamaxı” futbolsevərlərə şok yaşatdı.
“Şəfa”yla qarşılaşmada hesabda 0:2 geriyə düşən bölgə təmsilçisi möhtəşəm geridönüş etdi. Debütantın qapısına ardıcıl qollar vuran “şirlər” yekunda 3:2 hesablı qələbənin sevincini yaşadı.
Bu qalibiyyətlə xallarının sayını 13-ə yüksəldən “Şamaxı” turnir cədvəlinin 5-ci pilləsinə qalxdı. Mövsümün əvvəlində kiməsə desəydin ki, bu komanda 8 turdan sonra 13 xalla ilk “5-lik”də qərarlaşacaq, “Qarabağ”, “Sabah”, “Neftçi” və “Turan Tovuz” kimi rəqiblərindən cəmi 3-4 xal geri qalacaq, yəqin ki, adama gülərdilər.
Axı Ayxan Abbasovun gedişindən sonra komandaya yeni baş məşqçi təyin olunmuş, Azər Bağırovun gəlişi ilə heyətin təxminən 70 faizi dəyişmişdi. Belə ciddi yenilənmənin komandaya təsir göstərməsi, yeni futbolçuların bir-birinə uyğunlaşması və oyun sisteminin formalaşması üçün zamana ehtiyac vardı. Razılaşaq, mövsümün əvvəlində gözlənti bu idi.
Çempionatın başlamasından cəmi iki ay keçib, 8 tur geridə qalıb və “Şamaxı” artıq özündən söz etdirməkdədir. Üstəlik, bunu təsadüfi nəticələrlə deyil, meydanda nümayiş etdirdiyi futbol və xarakteri ilə bacarır.
Yeri gəlmişkən, şamaxılılar vurduğu qolların sayına görə (12 top) yalnız “Neftçi” (18) və “Sabah”dan (14) geri qalır. Məğlubiyyət sayında isə “Qarabağ” və “Sabah”ın hələ uduzmadığını nəzərə alsaq, bölgə təmsilçisi yalnız “Neftçi” qədər məğlubiyyət yaşayıb – 1 dəfə.
Bütün bunlar “Şamaxı”nın bu mövsümün sürpriz komandalarından birinə çevriləcəyini göstərir. Komandanın nümayiş etdirdiyi futbol həqiqətən də göz oxşayır. “Şirlər” mübariz və əzmkardır. Ən əsası, hesabda geri düşsələr belə, oyundan qopmurlar. “Şəfa” ilə qarşılaşmada baş verənlər də bunun növbəti təsdiqi oldu.
Əlbəttə, əvvəlki mövsümlərlə müqayisədə əsas çatışmazlıqlardan biri müdafiədə daha çox səhvə yol verilməsi və qapıda buraxılan qolların sayının artmasıdır. 8 oyunda 9 qol az deyil.
Bununla belə, bir faktı etiraf etmək lazımdır - “Şamaxı” çempionata rəng qatır. Bu komanda meydanda yalnız nəticə qazanmağa deyil, mübarizə aparmağa, rəqibə çətin anlar yaşatmağa və azarkeşlərə maraqlı futbol göstərməyə çalışır.
İndiki mənzərə onu deməyə əsas verir ki, “Şamaxı” bu mövsüm bir çox iddialı komandanın başağrısına çevriləcək. Və görünən odur ki, bölgə təmsilçisi yalnız mübarizə aparan kollektiv kimi yox, istənilən rəqibdən xal almağa qadir komanda kimi qələmə verilir.
P.S.: Yazı qələmə alınanda digər oyunların heç biri keçirilməmişdi.
Odur ki, statistik göstəricilər oktyabrın 16-dakı vəziyyətə uyğun qeyd olunub.
HƏBİB
