Premyer Liqanın 8-ci turunun sürpriz nəticəsi Yevlaxda qeydə alındı.
Nominal meydan sahibi “İmişli” avrokuboklara iddia edən “Turan Tovuz”u 1:0 hesabı ilə üstələdi.
Sportinfo.az-a danışan imişlilərin yarımmüdafiəçisi İdris İnqilablı gözlənilməz qələbənin sirrini açıqlayıb.
-“Turan Tovuz” oyunun favoriti olmasına baxmayaraq, güclü rəqibi məğlub etməyi bacardınız. Qələbənin sirrini nə ilə əlaqələndirə bilərsən?
- Bu gün hədsiz istəkli idik. Əvvəldən sona qədər layiqli mübarizə apardıq. Məncə, əsas rolu bu amil oynadı.
- Düşünürsən ki, motivasiya və istək baxımından tovuzluları üstələdiniz.
- Bəli-bəli. Bu cür isti havada 90 dəqiqə eyni tempdə mübarizə aparıb qalib gəlmək asan deyil. Lakin biz bunu bacardıq. Layiqli qələbə qazandığımızı düşünürəm.
- Süni örtük amilinin xeyrinizə işlədiyini deyə bilərik?
- Ev oyunlarımızı Yevlaxda keçirsək də, bildiyiniz kimi doğma stadionumuz bura deyil. Açığı, süni örtüyə biz də öyrəşməmişik. Digər tərəfdən şərtlər hər iki komanda üçün eynidir. Süni örtük amilinin qalib gəlməyimizdə əsas rol oynadığını düşünmürəm.
- İkinci hissənin gedişində, xüsusən sona yaxın “Turan Tovuz” təzyiqi artırmışdı. Həmin zaman kəsiyində nə düşünürdün? Heç-heçənin də yaxşı nəticə olacağını ağlından keçirirdin?
- Xeyr, qətiyyən! Məqsədimiz yalnız və yalnız qələbə qazanmaq idi. Komandada hamı bir nəfər kimi 3 xala köklənmişdi. Əksinə, oyun sona yaxınlaşdıqca qələbə qazanacağımıza inam daha artırdı. Belə olanda sanki adama əlavə güc gəlir.
- Qapıçınız Yusif İmanov önəmli qurtarışlarla diqqət çəkdi. Onu oyunun qəhrəmanı saymaq olar, yoxsa hamınız qəhrəmansınız?
- Yusif bu gün əla çıxış etdi. Xüsusən ilk hissədəki seyvi yekun nəticədə rol oynadı. Fasiləyə hesabda üstün yollanmağımız komandanın motivasiyasını artırdı. Düşünürəm ki, qələbədə hər kəsin əməyi var.
HƏBİB
