I Liqada “Gəncəbasar” rüzgarı əsir.
Yayda “Cəbrayıl”ın adını dəyişərək Gəncə təmsilçisinə çevrilən komanda 6 turdan sonra turnir cədvəlinin zirvəsində qərarlaşıb.
“Şahdağ Qusar”la eyni xala malik olan qərb komandası top fərqinə görə əsas rəqibini qabaqlayır.
Komandanın uğurunda kollektiv oyunun və gənc heyətin formalaşdırılmasının mühüm rolu var. Ancaq Gəncə təmsilçisinin yüksəlişindən danışarkən bir futbolçunun adını xüsusi qeyd etməmək mümkün deyil.
Söhbət Dileyn Açimidən gedir.
Ucaboy hücumçu geridə qalan 6 turda rəqib qapılarından nə az, nə çox, 12 top keçirib. Başqa sözlə, hər oyuna orta hesabla 2 qol vurub. Bu statistika 21 yaşlı forvardın mövsümə necə möhtəşəm başladığını aydın göstərir.
2025-ci ildə, hələ 20 yaşı olarkən Azərbaycana gələn Açimi ötən mövsüm “Cəbrayıl”ın heyətində 14 dəfə fərqlənməklə diqqətləri üzərinə çəkməyi bacarmışdı. İndi isə o, məhsuldarlığını daha da artıraraq yeni mövsümün ən çox danışılan futbolçularından birinə çevrilib.
Təsadüfi deyil ki, hələ yayda onunla həm Premyer Liqanın, həm də I Liqanın bir sıra klubları maraqlanırdı. Lakin kamerunlu hücumçu “Gəncəbasar”da qalmağa üstünlük verdi. Görünən odur ki, bu qərar özü və komandası üçün uğurlu alınıb.
Nizami yurdunu təmsil edən “Gəncəbasar”ın “9 nömrə”si artıq indidən Premyer Liqa klublarının diqqətini cəlb etməyi bacarıb.
Açimini fərqləndirən cəhət yalnız vurduğu qollar deyil. Hava toplarında inamlı çıxışı, sürəti, hər iki ayağından istifadə etmək bacarığı və pressinq etməsi üstün cəhətləridir.
Yəni təkcə cərimə meydançasında fürsət gözləyən deyil, komandanın oyununa müxtəlif komponentlərlə töhfə verən hücumçudur.
Əslində, məhz belə futbolçular I Liqaya rəng qatır. Dileynin çıxışı onun bu səviyyənin tələblərini aşdığını göstərir.
Digər komandaların heyətindəki legionerlərin böyük əksəriyyəti üzərlərinə düşən gözləntiləri doğrultmaqda çətinlik çəkdiyi halda, kamerunlu forvard fərqli mənzərə yaradır. O, legioner statusunu vurduğu qolların sayı ilə doğrultmaqdadır.
Açiminin uğurları və vurduğu qolların Kamerun mətbuatında da işıqlandırılması onun ölkə xaricində də diqqət çəkdiyini göstərir. Belə davam edərsə, gənc hücumçuya marağın daha da artacağı şübhə doğurmur.
Böyük ehtimalla, qış transfer pəncərəsində Premyer Liqa klublarından hansı(lar)sa “Gəncəbasar”ın qapısını döyərək onun transferi üçün təklif irəli sürəcək.
Təbii ki, belə bir ssenaridə klubun mövqeyi də həlledici olacaq. Baş məşqçi Elhad Nəzirinin bombardirin mümkün gedişinə necə yanaşacağını isə zaman göstərəcək.
Hələlik bir məqam aydındır. Dileyn Açiminin hazırkı məhsuldarlığı və meydandakı keyfiyyətləri onun I Liqadan daha yüksək səviyyədə sınanmağa layiq olduğunu göstərir.
İndi əsas sual budur: “Gəncəbasar”ın “qol maşın”ı qışda Premyer Liqaya üz tutacaqmı?
HƏBİB / SPORTİNFO.AZ
