"10 günlük" baş məşqçinin ahı bu komandanı tutub!

4 Dekabr 2022 15:00 Şamaxı 670
"10 günlük" baş məşqçinin ahı bu komandanı tutub!

10 oldu artıq. 16 tur üçün 10 məğlubiyyət nədir, Allah göstərməsin!

Bugünlərdə ilan vuran yatar, Mahmud Qurbanovun gözünə yuxu geməsin.

Halını təsəvvür edirəm indi. Sadəcə, dəhşət!

«İstefa verməkdən qorxmuram, həyatda da hər cür sürprizə hazıram» söyləyən Qurbanov daha nəyi gözləyir, bundan da pis gün?

«Səbail»i Aftandil Hacıyevin ahı tutub. Mayın 13-də müqavilə müddətini uzadıb, 10 gün sonra vəzifəsindən azad olunan məşqçinin ruhu hələ də Bayıl yamacında dolaşır.

Gözü qalıb burada, rəhbərlik ona münasibətdə düzgün mövqe tutmadı. Heç bir əhəmiyyəti qalmayan «Sumqayıt» oyununda 0:5 hesablı məğlubiyyəti bəhanə gətirib, şələ-küləsini qoltuğuna vurdular, indi də bunun altını Mahmud Qurbanov çəkir.

Qəbələdə məğlubiyyətə səbəb olan qollar nadir hadisədir.

Dumanlı havada, göz-gözü görməyən epizodda meydan sahibləri öncə status-kvonu bərpa etdi, ardınca da mübahtsə doğuran ikinci qol.

Rəşad Əhmədov və briqadası həqiqi ədalət arayışında olmadı, «Qəbələ»nin qollarını qeydə aldı.

Birinci qoldan öncə «Səbail»in futbolçusuna qarşı kobudluğa yol verilmişdi, ikinci qoldan qabaq da top Asif Məmmədovun hər iki əlini «tapmışdı».

Mahmud Qurbanovun narazılığı özünə qaldı, onu dinləmədilər, eşitmədilər. Nə hakimlər, nə də futbolçuları. Day neyləmək olar indi, nə söz qalıb deməyə, nə bir şey.

Son iki turu gözləməyin də adı yoxdur, zatən. Qurbanov yeni ildə düşərgədən xaric edəcəyi futbolçuları günü sabah göndərsin.

Bu, mənəvi rahatlıq tapması üçün ona lazımdır. Onsuz, belə də uduzurlar, elə də uduzurlar. Əlinin papağını Vəlinin başına, Vəlinin də papağını Pirvəlinin başına qoymaqla olmur ey!

Əlini də, Vəlini də, Pirvəlini də darvazanın o tərəfinə göndərmək günün tələbidir. Yağışda islanan gərək yağmurdan ehtiyatlanmasın.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti