Azərbaycan klubunun sevincinə narahatlıq gətirən SƏBƏBLƏR

2 Dekabr 2022 20:00 Şamaxı 473
Azərbaycan klubunun sevincinə narahatlıq gətirən SƏBƏBLƏR

“Şamaxı”da üzlər gülür.

Bu da səbəbsiz deyil. Komanda Premyer Liqanın son 3 görüşündə məğlubiyyət nə olduğunu bilmir.

Öncə səfərdə “Turan Tovuz”u məğlub edən (3:1), ardınca evdə “Sumqayıt”ı udan (4:2) və “Kəpəz”lə bərabərə (1:1) qalan bölgə klubunu bu tur daha ağır sınaq gözləyir.

Komanda səfərdə hətta çempionluğa iddialı iki komandadan biri sayılan “Sabah”ın qonağı olacaq.

Uğurlu seriya daxili ab-havanı hər nə qədər yüksək tutsa da, narahatlıq yaradan səbəblər də yox deyil.

Belə ki, komanda Masazır təmsilçisi ilə görüşə ciddi itkilərlə çıxmalı olacaq.

Müdafiənin önəmli fiqurlarından hesab olunan Adil Nağıyev vərəqə cəzalısı olduğu üçün Bakıdakı oyunu buraxmaq məcburiyyətindədir.

Digər ciddi itki isə kapitanla bağlıdır.

Ötən tur “Kəpəz”lə oyunda əzələsində ağrılar hiss etdiyi üçün erkən əvəzlənməli olan Elvin Məmmədovun narahatlığı davam edir. Təcrübəli simanın da ağır səfərdə komandasının yanında olmayacağı ehtimalı yüksəkdir.

Zədədən yeni qayıldan Amil Yunanov isə məşqlərə start versə də, hələ oynamaq üçün tam hazır deyil.

Baş məşqçi Vuqar Əsgərli üçün yəqin ki, güclü rəqib önündə adıçəkilən futbolçuların yerini doldurmaq elə də asan olmayacaq.

“Sabah” – “Şamaxı” görüşü sabah, saat 17:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti