Kritik vəziyyət qapıda - Bu komandaya canı yanın yoxdursa…

29 Noyabr 2022 17:40 Şamaxı 545
Kritik vəziyyət qapıda - Bu komandaya canı yanın yoxdursa…

Son 3 turda 7 xal - «Şamaxı» üçün əla göstəricidir.

Gərgin ab-havadan qurtulublar. İnam və əzmləri artıb.

Bu, turnir cədvəlində də öz əksini tapıb. Yeddinci pillədədirlər.

Sıralamada «Səbail»i qabaqlayıblar. Hədəf isə dəyişməz qalıb – Premyer Liqada qalmaq.

Qarşıya qoyulan hədəfə çatmaq asan deyil. Üstəlik, funksonerlər Cavid Hüseynovu xəbərdar edib: o, legionerlər olmadan marafonu lazımı yerdə bitirməlidir.

Bu qərar, çətin ki, Hüseynovun ürəyincə olub. Mən də bilirəm, özü də başa düşür ki, belə davam edərsə, yeni ildən vəziyyət kritikləşəcək.

İstərdim ki, Hüseynov tələbindən geri çəkilməsin. Zor günlərin onu daha tez yaxalamaması üçün.

Şübhə yoxdur ki, bütün rəqiblər qış fasiləsində güclənəcək. Buna kimi hamı «Şamaxı»ya yuxarıdan-aşağı baxırdı, yəni ki, elə-belə komandadır, özləriyçün oynayırlar da…

İndən belə baxış da dəyişəcək, ona münasibət də. Onlar daha da qüvvətlənincə, «Şamaxı»nın xal qazanmaq ehtimalı xeyli azalacaq.

Biri həmkarı Cavid Hüseynovun halına yanmayacaq, deməyəcək, hə, eybi yox, filan yerli futbolçumu icarəyə verirəm sənə, apar, oynat.

Hər məşqçinin öz qayğısı, öz dərdi, öz planı var, «Şamaxı»nın hayında olmaq kimin yadına düşəcək/düşməlidir ki…

Bunu kimdən istəyə və gözləyə bilərlər ki...

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"