Azərbaycan klubunun işləri düzəldi?

12 Noyabr 2022 09:40 Şamaxı 568
Azərbaycan klubunun işləri düzəldi?

«Şamaxı»nın qazanması təəccüblü gəlir, eləmi? Elə niyə?

Məgər mövsümün ən döyüşkən iki-üç komandasından biri onlar deyildi ki?

Azərbaycan futbolunda ən ağır iş sırf yerlilərdən, saxtakarlıqla milliləşdirilmişlər olmadan komanda qurmaq, onunla çalışmaqdır.

«Şamaxı»da bir nəfər də olsun, Azərbaycan pasportu almış legioner yoxdur. Və yəqin ki, yaxın vaxtlarda da beləsini biz burada görməyəcəyik.

Cavid Hüseynovu kənar yollara, vasitələrə baş vurmadan topladığı xalların sayına görə təbrik eləmək azdır. O, əksəriyyəti hesabdan silinmiş futbolçuları nizama salıb, intizam gətirib, onlara məzmunlu oyun oynadır.

Kor-koranə futbol oynamamağın özü məşqçi əməyidir. «Şamaxı» həm özü futbol oynayır, həm də rəqiblərə futbol oynamağa icazə verir. Bu, riskdir. Hansı ki, əksər məşqçilər bu risk daşının altına əlini qoymur.

Cavid Hüseynov çəkinmədən, gözünü qırpmadan bu yolu gedir. Futbol ilahəsi ədalətli davransaydı, «Şamaxı» qələbəni hələ mövsümün ilk həftələrində dadardı, bu qədər, 13 tur gözləməzdi. Gec olur, amma güc olur.

Yaxşı və baxımlı oyun sərgiləyən istənilən komanda gec-tez relsə düşür, nəticələr də yavaş-yavaş gəlir.

Bəyəniləsi yoldur, amma məsafə uzundur, səbr istəyir. Rəhbərindən də, məşqçisindən də, futbolçusundan da.

Amma mən yenə öz fikrimdə qalıram ki, sonuncu pilləni tutmaması, təhlükəli zonadan vaxtından uzaqlaşması üçün «Şamaxı»ya əlavə büdcə ayrılmalıdır.

Qış fasiləsində yeni, keyfiyyətli futbolçular almaq məqsədilə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti