Dünyanın ən çətin işini görən azərbaycanlı məşqçi

5 Noyabr 2022 11:40 Şamaxı 1 218
Dünyanın ən çətin işini görən azərbaycanlı məşqçi

Bu qələbəni əldə etmək üçün «Şamaxı» 12 tur gözləməli oldu.

Nəhayət, nəhs tur Cavid Hüseynovun üzünə təbəssüm qondurdu.

Tovuz səfərini o, ta son günə günə unutmayacaq. Axı bu, onun Premyer Liqada ilk qalibiyyətidir.

«Şamaxı» 3 xalı ekstra əzmkarlığı hesabına əldə etdi. Ev sahiblərinin meydana yarmcan heyətlə çıxmasından bir qədər də ruhlandılar.

Əslində, Hüseynovun komandası Şamaxıda keçirilən ilk oyunda da yaxşı təsir bağışlamışdı. Bir neçə qol fürsətini qapının ağzında qaçırmışdılar. Son dəqiqələrdə orta sahədə yol verdikləri bir top itkisiylə günün şok hadisəsini yaşamışdılar.

Cavid Hüseynov bu müddətdə az iş görməyib. Az iş nədir, boyundan yuxarı hoppanıb. Sırf azərbaycanlı futbolçulardan ibarət bir komanda qurmağın özü dünyanın ən əziyyətli çalışmasıdır.

Bunun nə demək olmasını hər kənarda dayanan, «əşşi, «Şamaxı»da işləməyə nə var e, yemək var, içmək var, qalmağa yerə var» deyən nadürüst anlamaz.

Yemək-içməyə, oteldə yerləşməyə qalsaydı, odey, AFFA-nın millilərə təyin etdiyi məşqçilər də bir qələt qırardı.

O, çox ağır bir işin qulpundan yapışıb. Allah axırını xeyirə calasın! İstərdim ki, «Şamaxı»nın qələbələrinin ardı gəlsin, Tovuzdakı sevinc göz yaşları yanaqda quruyub qalmasın.

Bunun üçün baş məşqçinin gərgin əməyi kifayət etmir. Klubun rəhbərliyi də qollarını çırmalamalı, Cavid Hüseynovun qeydinə qalmalı, qeydlərini nəzərə almalıdır.

Sözdə yox, əməldə.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda