Bu mövsüm Premyer Liqanı tərk edəcək klub haqda

1 Noyabr 2022 09:40 Şamaxı 1 442
Bu mövsüm Premyer Liqanı tərk edəcək klub haqda

AFFA son anda qərarını dəyişməsə, bu mövsümün yekununda Premyer Liqanı tərk edəcək komanda «Şamaxı» olacaq.

Heç kim buna qətiyyən şübhə etməsin.

Vüqar Əsgərli çempionatda yerlərini qoruyacaqlarını söyləyib? Adı kağız üzərində baş məşqçi gedən bu cavan oğlan çox söz danışa, istədiyini deyə, müxtəlif vədlər verə, proqnozlar səsləndirə bilər.

Bu, onun təbii haqqıdır. Arzu-dilək səsləndirmək hər bir bəşər övladına aid xüsusiyyətdir.

Güman eləmirəm ki, Vüqar bəyin fikri illərdir çalışdığı qız futboluna, nə bilim, qadın yığmasına gedib. Nə deməlidir başqa?

Deməlidir ki, Cavid Hüseynov sərəncamında legionerləri görmək istəyir, rəhbərlik isə razı olmur?

İşləməyə davam edirlərsə, buradan aydındır ki, «yuxarı»nın dediyi keçərlidir, reallıqla barışıblar. Getmək istəyən indiyədək gedərdi.

Klubun Müşahidə Şurasının sədri aylar öncə keçirdiyi təqdimat mərasimində etiraf etmişdi ki, Premyer Liqadan düşmək onlar üçün biabırçılıq olacaq.

İlk 12 həftə bu təhlükənin miqyasını gözlər önünə sərdi. Hələ də qələbəyə tamarzı qalan «Şamaxı» möcuzəyə bel bağlamamalıdır.

İnanmıram ki, digər klublar özlərinin xidmətindən yararlandığı sanballı yerli futbolçuları «Şamaxı»ya icarəyə versin. Onsuz da, belə oyunçuların sayı azdır, qiymətləri də kifayət qədər yüksəkdir.

Boş yerə ümid etməsinlər, fikirləşməsinlər ki, rəqiblərinin bu baxımdan «Şamaxı»nın halına can yandıracaq, Xam bir xəyal yəni.

Cavid Hüseynov perspektivli məşqçidir. Yeni girişdiyi iş onda alınır. Komandanın üzərində əli görünür.

«Şamaxı»nın miskin futbol oynadığını desəm, vicdanım sızıldayar, adamın haqqına girmiş olaram. Oynatdığı futbola, şans verdiyi gənclərə görə Cavid Hüseynova «sağ ol» düşür.

Hər oyunda nəsə çatmır. Dörd-beş səviyyəli legioner gətirmədən həmin bu «nəsə»ni ortadan qaldırmaq imkansızdır. Buna da imkan gərəkdir.

Maddi imkan.

Büdcəyə əlavə vəsait gəlməsə, «Şamaxı» hələ mövsümün ortasında I Divizionu salamlayacaq, şoumen Mikayılın sözü olmasın, «gəldim e, gəldim» deyəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti