Autsayder klubun rəhbərliyi açıqlama yaydı ki…

25 Oktyabr 2022 23:20 Şamaxı 496
Autsayder klubun rəhbərliyi açıqlama yaydı ki…

“Şamaxı” komandanın çıxışı və qarşıdakı hədəfləri ilə bağlı açıqlama yayıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, açıqlamada bildirilir:

“Cari mövsümün əvvəlindən Şamaxıda məskunlaşan komandamız hazırlığını davam etdirir. Yeni klub rəhbərliyinin başçılığı altında mövsümə başlayan komandamızın əsas strategiyası gənc və yerli futbolçulara şans vermək, onları Azərbaycan futboluna qazandırmaqdır. İlk dövrədə qarşıya komandanın formalaşması, öz oyununu tapması məqsədi qoyulmuşdu və bu hədəfə məşqçilər heyəti və futbolçular tərəfindən nail olunub. Təsadüfi deyil ki, komandamızın 5 üzvü milli komandalara mütəmadi olaraq dəvət alır və bir neçə futbolçu Premyer Liqada debüt edib. Bundan başqa, əsas komandanın məşqlərinə akademiyamızın yetirmələri cəlb olunur. Klub olaraq məşqçilər heyətinin işindən razıyıq, qarşılarına qoyulan işi tam icra etməyə çalışırlar. Komandamıza qış fasiləsinə qədər son pillədən maksimum uzaqlaşmaq hədəfi qoyulub.

Klub olaraq strategiyamızı davam etdiririk, qış fasiləsində ehtiyac yaranarsa, heyətimiz gənc və yerli futbolçularla gücləndiriləcək. Qış fasiləsində legioner futbolçuların cəlb edilməsi klubumuzun strategiyasına uyğun deyil. Hədəfimizə doğru irəliləyirik, gələcəkdə daha çox yerli və gənc futbolçuların istedadlarını kəşf edib Azərbaycan futboluna qazandıracağımıza inanırıq”.

"Şamaxı" Misli Premyer Liqasında 11 turdan sonra 4 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti