Onlar komandadan üz çevirdilər: “Elə edin ki...”

15 Oktyabr 2022 19:00 Şamaxı 695
Onlar komandadan üz çevirdilər: “Elə edin ki...”

Azərbaycanda azarkeş qruplarının sevimli komandalarından üz çevirməsi artıq ənənə halını alıb.

Buna təkcə Premyer Liqada yox, artıq Birinci Divizionda da rast gəlməkdəyik.

Cəmi 1 ay bölgə təmsilçisi “Şamaxı”nın yeganə azarkeş qrupu olan “Sektor 56”dan komandanın ev və səfər oyunlarını boykot edilməsi haqda məlumat verilmişdi. Lakin çox keçmədən aradakı soyuqluq aradan qaldırıldı və fanatların istəkləri yerinə yetirildi.

Növbəti boykot xəbəri yenə bölgədən, bu dəfə Mingəçevirdən gəldi. “Mingəçevir”in əsas azarkeş qruplarından olan “Zona 45”in “feybsuk” səhifəsində komandaya dəstəkdən imtina ilə bağlı mesaj verilib:

“Verəcəyimiz əks qərara qədər fəaliyyətimizi dayandırırıq. Hər kəsə uğurlar!”

Qrupun yaradıcılarından və fəallarından olan Elnur Qasımov məlum sözləri şəxsi səhifəsində paylaşaraq, “bir gün həyat bizə daha gözəl olacaq” yazıb.

Fanatın növbəti postunda isə məsələnin mahiyyətini anlamaq çətin deyil:

“Azarkeşlə futbolçu arasında fərq bilirsiniz nədir? Azarkeş pulunu verib gəlir, amma futbolçu pul alıb oynayır. Azarkeş 90 dəqiqə vaxtını sərf edir, futbolçu işini görür.

Bəziləri bilmir ki, futbol azarkeşə görə oynanılır. Ölkədə 3-4 azad azarkeş qrupu var. Onlardan birini tribunadan küsdürüb, heç nə olmamış kimi davranmaq heç də yaxşı hal deyil.

Siz hamınız gəldi-gedərsiniz (tezliklə), azarkeşlər qalıcıdır. Elə edin ki, gedəndə xətir-hörmətlə yad ediləsiniz”.

Elnur Qasımovla əlaqə saxlamaq mümkün olmasa da, məsələnin kökündə futbolçu və rəhbərlik heyəti ilə azarkeşlər arasında fikir ayrılığının baş qaldırması dayanır.

Cari mövsümdən Birinci Divizionda iştirak edən “Mingəçevir” keçirdiyi 7 oyundan 7 xal toplamaqla 15 komanda arasında 11-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti