Ruhsuz komanda, halsız baş məşqçi, futboldan soyuyan azarkeş

15 Oktyabr 2022 16:00 Şamaxı 810
Ruhsuz komanda, halsız baş məşqçi, futboldan soyuyan azarkeş

«Şamaxı» və şamaxılılar futboldan soyuyub daha.

Stadion boşdur. Vur-tut, 2000-3000 nəfər tutan balaca arenanı da doldura bilmirlər ta.

Bir ovuc adam gəlir, onların da əksəriyyəti ya uşaq-muşaqdır, ya da ki, futbolla maraqlanmayan kimsələr.

Adama elə gəlir ki, bu şəxslər stadiona məcbur olub gəlib. İlk hissə bitən kimi aradan çıxmağa məqam axtarırlar.

Artıq Cavid Hüseynov da yorulmuş, ruhdan düşmüş kimi dəyir gözümə. Deyəsən, daxilən əmin olub ki, sərəncamındakı futbolçular onlara qələbə sevinci yaşatmayacaq. Əli işdən soyumuş kimidir.

«Şamaxı»nın oyunu pisləşib. Dünən, sadəcə, bəxt üzlərinə güldü, məğlubiyyətdən qurtuldular. Bir «Kəpəz»lə Qəbələdəki qarşılaşmanı bu cür bərbad keçirmişdilər, bir də ötən gün.

Mən «Şamaxı»nın düşdüyü vəziyyəti qazlı içkiyə bənzədərdim. Dolu butılkanı çalxalayıb sonra qapağını açırsan və stəkana süzürsən, o da köpüklənir a, bax elə.

Bir az keçir, köpük yatır, baxırsan ki, paho, stəkanın yalnız dibində içki var, qalan hissəsi boşdur.

Cavid Hüseynovun məşqçi işi komandanın ifasında məhz bu qədər görünür. Rəqiblərlə aradakı səviyyə fərqi böyük olduğundan.

Zəkası və oyunu ilə çiyindaşlarını irəli daşıya biləcək liderlərin yoxluğundan.

Əvvəl-əvvəl ruh yüksəkliyi, mübarizə əzmi, döyüşkənlik pik həddə idi, indi o da stəkanın dibində olan maye qədərdir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti