Onu “Şamaxı”ya kim və necə gətirib? – Bir oyunun izi ilə...

14 Oktyabr 2022 14:00 Şamaxı 996
Onu “Şamaxı”ya kim və necə gətirib? – Bir oyunun izi ilə...

Ötən mövsüm Region Liqasında “Cəbrayıl”ı çalışdırmaqla məşqçilikdə ilk addımlarını atan, yekunda turnirin qalibi adını qazanan Cavid Hüseynovun iyulda “Şamaxı”da peyda olması təəccüblə qarşılanmışdı.

Əvvəla ona görə ki, Hüseynov Mahmud Qurbanovun gedişindən sonra “Neftçi-2”ni çalışdırmağa namizəd göstərilirdi və bununla bağlı klub rəhbərliyi ilə aralarında danışıq olmuşdu.

Digər tərəfdən, 34 yaşlı mütəxəssis üçün ciddi təcrübə sahibi olmadan Premyer Liqa klubunu çalışdırmaq böyük risk idi. Üstəlik, maliyyəsi məhdud bölgə komandasını.

Başqa bir səbəb Sənan Qurbanovun istefasından sonra “Şamaxı”nı Rüstəm Əliyevin çalışdırması və növbəti mövsümlə bağlı rəhbərliklə aralarında razılığın olmasıydı.

Lakin bir anda nə baş verdisə, Cavid Hüseynov Premyer Liqa klubunun sükanı arxasına gətirildi, komandanı formalaşdırmasına şərait yaradıldı. Məlum oldu ki, müvafiq kateqoriyası olmadığına görə sənədlərdə baş məşqçi kimi Vüqar Əsgərli göstəriləcək.

Sual yaranırdı: Cavid Hüseynov “Şamaxı”da necə və ya kimin əli ilə peyda oldu?

Əksəriyyət bu işdə AFFA rəsmilərinin əlinin olduğunu düşünürdü. Ki, sanki assosiasiyada hansısa şəxs Hüseynovla şəxsi münasibətinə görə ona bu imkanı yaradıb. Başqa cür desək, irəli aparıb.

Amma yox. Cavid bəyin “Şamaxı”nın baş məşqçi təyin olunmasının səbəbkarı başqa adamlardır. Futbola aidiyyatı olmayan şəxs - Şamaxının İcra Hakimiyyətinin mənsubları.

Deməli, “Cəbrayıl”ın Şamaxı şəhər stadionunda Region Liqasının final qarşılaşmasında “Xan Lənkəran”la qarşılaşıb, 1:0 hesablı qələbə qazanması yerli İH rəsmilərini xeyli təəccübləndirib.

İşğaldan azad olunan rayonun adını daşıyan klubun imkanları və uğurları ilə maraqlanarkən, onlara məlum olub ki, “Cəbrayıl”ın təsisçisi, prezidenti və baş məşqçisi Cavid Hüseynovdur.

Region Liqasının qalibi UEFA Region kubokunda Belarus təmsilçisi “Kolos”la oyunlara Şamaxıda hazırlaşanda, icra başçısı Tahir Məmmədovun Cavid Hüseynovla bağlı məlumat toplamağa, işgüzarlığına bələd olmağa və ən əsası, üzbəüz söhbət etməyə kifayət qədər zamanı olub.

Tahir Məmmədov millimizin sabiq futbolçusunun idmançı və insani keyfiyyətlərini biləndən sonra rəhbərlik etdiyi şəhərin komandasını məhz onun çalışdırmasını istəyib. Məşqçinin razılığını alıb, ardınca da bununla bağlı göstəriş verib.

Və beləcə Hüseynov vaxtilə kateqoriya kurslarında ona dərs deyən, savadlı mütəxəssis kimi tanıdığı Vüqar Əsgərlini yanına dəvət edərək sənədlərdə baş məşqçi kimi göstərilməsinə şərait yaradıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!