“Qəbələ”nin gələcəyini əlindən almaq kimin marağındadır - AFFA-nın, yoxsa..?

17 Avqust 2022 09:40 Qəbələ 1 276
“Qəbələ”nin gələcəyini əlindən almaq kimin marağındadır - AFFA-nın, yoxsa..?

10 ildən artıqdır respublikanın futbol həyatının ayrılmaz parçasına çevrilən “Qəbələ” futbol akademiyası hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.

2009-cu ildən fəaliyyət göstərən akademiya tezliklə futbol məktəbinə çevirilə bilər. Buna səbəb maddi problemlərdir.

Redaksiyamıza daxil olan məlumata görə, AFFA akademiyanın mövcudluğunu qorumaq üçün cəmi 350 min manat ayıra biləcəyini «Qəbələ»nin diqqətinə çatdırıb.

İnfrastrukturun saxlanılmasına isə 150 min manat büdcə təklif olunub, bu da bölgə təmsilçisini razı salmayıb. Onların akademiya və bazaya aid xərc tabelini hazırlayaraq, AFFA-ya təqdim edib.

Burada göstərilib ki. təkcə akademiyanın yaşaması üçün ortalama 500 min manat lazımdır. Əgər həmin vəsait ayrılmasa, «Qəbələ» azyaşlı futbolçuların qida və yaşayış yeri ilə təmin edə bilməyəcək, onların qaldığı məkan tamamilə boşaldılacaq.

Çünki bu komandaların ixtiyarında olan otel artıq «Qəbələ»nin baş sponsorunun – «Gilan Holdinq»in nəzarətindən çıxıb və indi ora üçün də icarə haqqı ödənilməlidir.

Əlbəttə, çox istərdik ki, tezliklə vəziyyət düzəlsin və «Qəbələ» qaldığı yerdən yoluna davam eləsin. Axı bu klub son illərdə aşağı yaş qrupları üzrə yığmaların əsas bazasını formalaşdırıb.

Onlarla futbolçu burada yetişərək, millilərin heyətinə cəlb olunub. işdir, əyalət təmsilçisi akademiya layihəsini yarımçıq dayandırsa, bu, ölkənin futbol sferasını ehtiyat qüvvədən məhrum edəcək.

Gəlin, bir az açıq danışaq. Problemin həllini tamamilə AFFA-nın üzərinə atmaq, onlara «yüklənmək» olmaz. Federasiya son 2 mövsümdə «Qəbələ»yə 3,5 milyon manatdan çox vəsait xərcləyib.

Mövcud durum eyni zamanda klubun uşaq futboluna münasibətdə baş verən dəyişiklərlə əlaqədardır. «Qəbələ» başbilənləri istəsə, akademiyanın yaşamasına vəsait tapa bilər.

Necə?

Hazırda əsas komandanın düşərgəsində 10 legioner var. Bu qədər əcnəbi futbolçu kimə lazımdır? Kim onlara deyib ki, kənardan bu qədər oyunçu gətir?

Bu legionerlərin aylıq maaşı ortalama 5-10 min dollardır. Alma bu qədər legioner, vermə bu qədər pul, akademiyanı dağılmağa qoyma - bu, daha doğru və sağlam strategiya olmazmı?

«Qəbələ» bu yay Konfras Liqasına qatıldı və elə ilk mərhələdəcə avrokuboklarla vidalaşdı. Legioner siyasətindən aydın olur ki, «qırmızı-qaralar» yenə qitə arenasına vəsiqə qazanmağı hədəfləyib.

Bir halda ki klubun «bir atımlıq barıtı» var, pulu akademiyanın uşaqlarının «boğazından kəsib», hansısa üçüncü-dördüncü sort legionerlərə xərcləməyin nə mənası, nə məntiqi var?

Onsuz da, Biləcəridən o tərəfdə nəsə əldə etmək mümkün olmur. Əcnəbi eşalona ayrılan vəsaiti uşaq futboluna yönəltmək, bununla da, klubun fəaliyyətini daha dayanıqlı hala gətirmək üçün xüsusi zəka təlimi keçmək lazımdır ki?

Pul, doğrudan da, yoxdursa, azdırsa, həmin bu 10 legionerə konfet kağızı vəd olunub, ya necə?

O yandan yığ tök əcnəbiləri rayona, buradan da hər şeyi at AFFA-nın üstünə, gözlə, onlardan əlavə vəsait əldə etmək üçün mətbuatı ayağa qaldır, mesaj ver – day belə də yox da, insaf da yaxşı şeydir.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”