"Zirə" minifutbol komandasının baş məşqçisi Seymur Məmmədov Çempionlar Liqasının G qrupundakı rəqiblərin əksəriyyətini tanıyır.
Sportinfo.az xəbər verir ki, mütəxəssis bunu "eport"a açıqlamasında deyib.
"Rəqiblərin bir çoxuna bələdik. Buna baxmayaraq, onları təhlil edirik və maksimum dərəcədə yaxından tanımağa çalışırıq. Hər mövsüm olduğu kimi, bu mövsüm də çempionluq uğrunda mübarizə aparacağıq", - o bildirib.
Mütəxəssis zədəlilər və heyətdəki yeniliklər barədə də məlumat verib:
"Çoxlu zədəli oyunçumuzun olmasına baxmayaraq, hazırlıqlar davam edir. Yenə də işimizə və məqsədimizə doğru addımlayırıq. Heyətə gəlincə, bəziləri ilə vidalaşmışıq və 4 gənc futbolçu cəlb etmişik".
Qeyd edək ki, "Zirə" G qrupunda "Qrupo Roxu" (İspaniya), "Hanspaulka" (Çexiya) və "Krayina" (Bosniya və Herseqovina) ilə üz-üzə gələcək.
Çempionlar Liqasının oyunları 23-27 sentyabr tarixlərində İspaniyanın Kambrils şəhərində keçiriləcək.
