«Şəmkir» rəhbərliyi bir qrup yerli iş adamıyla görüş təşkil edib.
Toplantının keçirilməsində məqsəd kluba maliyyə dəstəyi almaqdır.
Yığıncaqda bildirilib ki, «qırmızı-ağlar»ın ciddi maddi köməyə ehtiyacı var. Odur ki, rayonun imkanlı şəxslərindən ibarət 70-80 nəfərlik siyahı tutulub.
Onlardan komandaya birdəfəlik ianə ayırmaqları istənilib. Kim istəyər 100 manat verər, kimin gücü çatarsa, 1000 manat.
Yığılacaq vəsait məşqçi və futbolçu heyətinin maaşlarının ödənilməsinə sərf olunacaq.
Burada məlumat verilib ki, «Şəmkir»in ötən mövsümdən yığılıb qalan borcu var. Həmin məbləğ 20 min manatı keçir.
Bura yerli Olimpiya Kompleksinə, geyim şirkətinə, AFFA və Peşəkar Futbol Liqasına borclar daxildir.
Toplantıda qeyd olunub ki, komanda mövcud problemlər üzündən rəqiblərini Şəmkirdə qəbul edə bilmir sə məcburiyyətdən Şamaxıya üz tutub.
Kollektivin yenidən doğma rayona qaytarılması isə büdcənin artırılmasından asılıdır. Çünki heyətin əsasını kənardan dəvət olunmuş futbolçular təşkil edir, onlar isə az maaş qarşılığında Şəmkirdə qalmaq və oynamaq istəmirlər.
SPORTİNFO.AZ
