"Qəbələ"yə TƏCİLİ pul lazımdır, yoxsa…

22 May 2022 15:00 Qəbələ 1 196
"Qəbələ"yə TƏCİLİ pul lazımdır, yoxsa…

«Qəbələ» pulun futbolda çox şeyi dəyişməsinin, amma hər şeyi dəyişə bilməməsinin sübutudur.

Maliyyənin çox və ya az olması bir nömrəli faktor deyil. Əsas maddi sabitlikdir, verilən vədlərin vaxtlı-vaxtında yerinə yetirməsidir.

AFFA 2 aydan artıq müddətdir «Qəbələ»nin gözünü yolda qoydu, bu müddətdə də nələr oldu, gördük. Komanda dəydi bir-birinə, nəzarət əldən çıxdı.

Onsuz da, böyük olmayan maaşlarının gecikdirilməsi ilə ruh halı dəyişən, pessimizə qapılan futbolçular uzun bir «qara zolağ»a düşdü.

Nə vaxt ki klub rəhbərliyi səfərbər oldu, daxili imkanlar hesabına borcun bir hissəsini ödədi, ardınca da AFFA üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə başladı, oyunçuların da «donu açıldı», əvvəlki vəziyyətlərinə qayıtdılar və bu, «Qəbələ»yə avrokubok bileti bəxş etdi.

UEFA Konfrans Liqasında iştirak edəcək «Qəbələ»yə 1 milyon manata yaxın vəsait ödəyəcək. Avropa futbol qurumu növbəti mövsümün gedişində daha 2-3 ənənəvi nominasiya üzrə əlavə vəsaiti klubun hesabına köçürəcək.

Qəptyə güllə atan «Qəbələ» üçün bu gün 1 avro belə, qiymətlidir. Elmar Baxşıyev mövcud heyəti qorumaq istədiyini hər dəfə təsadüfən vurğulamır.

Yanaşması doğru, yapdığı vurğu həqiqətdir.

Baş məşqçinin sözlərindən çıxan məntiq budur ki, büdcə artımı mütləqdir. Əvvəla, qitəmiqyaslı yarış meydanına çıxış imkanı yaxalayan futbolçu bu il aldığı əməkhaqqı ilə gələn mövsümə başlamayacaq.

Hamısı maaş fondunun artırılmasını istəyir və istəyəcək. İkincisi, istədiklərini verməsələr, müqavilə müddəti bitənlər danışıqlar masası arxasını tez tərk edəcək.

«Turan Tovuz»la «Kəpəz»in Premyer Liqaya qayıdışı, «Səbail»in sponsorunun ortalığa çıxması ilə daxili bazarda qiymət artımı indidən başlayıb, bugündən sonra «Qəbələ» əsas heyətdə oynatdığı yerli futbolçuları 1000-1500 manata razı sala bilməyəcək.

Eyni sözlər legionerlərə aiddir. Hələ yeni transferlər… Öncə Konfrans Liqasında mücadilə verəcək, ardınca Premyer Liqanın yeni mövsümünə hazırlaşacaq komanda yayda alacağı futbolçulara xeyli vəsait xərcləməlidir.

UEFA-nın verəcəyi pul, böyük ehtimalla, buna kifayət etməyəcək. Gərək «Gilan Holdinq» sponsorluq, AFFA da yardım paketini geniş tutsun.

Mayda gələn sevincin 2-3 ay sonra kədərə dönüşməməsi üçün.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti