"Qəbələ" rəsmisi: "Ehtirama ən böyük cəzanı elə özü verib"

19 Oktyabr 2021 14:00 Qəbələ 804
"Qəbələ" rəsmisi: "Ehtirama ən böyük cəzanı elə özü verib"

Azərbaycan Premyer Liqasının VII turunda keçirilən "Qəbələ" - "Zirə" matçı (1:1) qalmaqalla başa çatıb.

"Qartallar"ın heyətində Cəlal Hüseynov 18-ci dəqiqədə hesabı açıb.

Meydan sahibləri bu qola fasilədən sonra cavab verib. Ülvi İsgəndərov 79-cu dəqiqədə topu qonaqların qapısından keçirib.

Matçdan sonra "Qəbələ"nin yarımüdafiəçisi Ehtiram Şahverdiyev qonaqlardan Dmitrios Çantakiasa başı ilə zərbə endirdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.

Yunanıstanlı müdafiəçi isə sarı vərəqə alıb. Komanda yoldaşları Şahverdiyevi sakitləşdirməkdə çətinlik çəkib.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Sportinfo.az-a açıqlamasında Ehtiram Şahverdiyevin cəzalanıb-cəzalanmayacağına aydınlıq gətirib:

"Nəinki Ehtiram, bütün futbolçularla belə söhbətlər olur. Hamısı peşəkar futbolçulardı. Nə olursa-olsun, belə hərəkət yolverilməzdir.

Heyətdəki ciddi itkilərimizi nəzərə alaraq hazırkı dönəmdə futbolçular hər bir hərəkətinə xüsusi diqqət eləməlidir. Məncə, Ehtirama ən böyük cəzanı elə özü verib.

Yəqin ki, İntizam Komitəsi onu bir neçə oyunluq cəzalandıracaq. Bunu da normal qəbul edəcəyik. Digər məsələlər isə klubun qaydalarına və hazırkı vəziyyətimizə uyğun tənzimlənəcək".

Digər Xəbərlər
Xəbər Lenti