“Bu, hörmətsizlikdir” – Asif Məmmədov sarğını yerə atmasını şərh etdi

18 Oktyabr 2021 21:00 Qəbələ 1 008
“Bu, hörmətsizlikdir” – Asif Məmmədov sarğını yerə atmasını şərh etdi

“Mətbuatda haqqımda yazılanları oxuyuram, adama pis təsir edir.

Mən kapitan sarğısını niyə yerə çırpım ki? Bir halda əvəzetməni özüm istəmişəm”.

Hesabat turunun “Qəbələ” - “Zirə” matçında (1:1) əvəzlənərkən qolundakı kapitanlıq sarğısını yerə atan Asif Məmmədov Sportinfo.az-a açıqlamasında olayı bu cür şərh edib.

35 yaşlı yarımmüdafiəçi əvəzlənməmişdən bir neçə dəqiqə əvvəl sağ ayağının arxa əzələsini zədələdiyini və buna görə baş məşqçi Elmar Baxşıyevdən meydanı tərk etməsini istədiyini istədiyini deyib:

“Əvəzlənməmişdən 2-3 dəqiqə əvvəlki epizoda baxın. Top mənə gəlir, lakin sağ ayağımla ötürmə edə bilmirəm deyə, topu sol ayağımla vururam. Və həmin epizodun davamında əvəzlənməmi istəyirəm.

İnanırsız, meydanı tərk edəndə elə vəziyyətdəydim ki, həmin an yadıma da gəlmir. Sarğı Ürfanın qoluna keçməliydi, Ürfan da məndən uzaqda idi.

Ola bilsin, sarğını yerə atmışam ki, kimsə götürüb, Ürfana versin. Bunun adı çırpmaq deyil axı.

Maraqlanmadan, işin kökünü bilmədən tənqidi yazılar yazmaq nə dərəcədə doğrudur? Yenə deyirəm, mən sarğını yerə çırpmamışam!”

Asifin diqqətinə sarğını yerə atmağın da hörmətsizlik olduğunu və kapitanın adına yaraşmadığını bildirəndə, cavabı belə oldu:

“Razıyam, yerə atmamalıydım. Sadəcə, aldığım zədə mənə pis təsir etmişdi, ona görə bir az diqqətsizlik oldu. Hətta növbəti turda oynayıb-oynamayacağım bilinmir.

Allah eləsin, ciddi bir şey olmasın. Sarğını yerə atmaq diqqətsizlik və ya pis hal ola bilər. Amma yerə çırpmaq başqa şeydir. Bu, məhz hörmətsizlikdir”.

Asif Məmmədov məlum oyunun 74-cü dəqiqəsində Ehtiram Şahverdiyevlə əvəzlənmişdi.

Digər Xəbərlər
Xəbər Lenti