“Gileylənməyə dəyməz”

9 Oktyabr 2021 15:00 Qəbələ 521
“Gileylənməyə dəyməz”

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığına start verib.

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ”la səfər matçından (0:2) sonra üç günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün yoxlama oyunu keçirəcək.

“Qəbələ” “Neftçi” ilə qarşılaşmaya çıxacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində baş tutacaq.

“Çempionatda yaranmış fasilə tək bizə yox, hamıya şamil olunur. Ona görə də gileylənməyə dəyməz. Belə deyim, hamı üçün eyni durumdur”.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında bu fikirləri bildirib.

Gənc mütəxəssis iki həftəlik fasilə müddəti ilə bağlı qurduqları plan haqda məlumat verib: “Qarabağ”la oyundan sonra futbolçulara üç günlük istirahət imkanı yaratmışdıq.

Hazırlığı Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdiririk. Bu gün “Neftçi” ilə yoldaşlıq görüşü keçirəcəyik.

Fikrimcə, bu fasilə futbolçuların formada qalması baxımından problem yaratmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti