Bəs, hanı baş məşqçinin olmayan futbol sistemi?

02:00 Milli komanda 135
Bəs, hanı baş məşqçinin olmayan futbol sistemi?

Futbolumuz üçün daha bir qara səhifə…

Düz 46 dəfə hücum et, amma bir qol belə vura bilmə. Düz 26 dəfə zərbə endir, biri də qapıdan keçməsin.

Özü də kimin qapısından? Lixtenşteynin!

Tarixlərində ilk qələbəsini bizim üzərimizdə qazanmışdılar. Onda hələ 1998-ci il idi. 28 il əvvəl.

İndi 2026-cı ildəyik. Futbolumuzun yağ-bal içində olan dövründə.

Amma onları indi heç evdə də uda bilmirik.

Bəs, Lixtenşteyn dünya reytinqində neçəncidir? Yüzlükdə deyil! Heç ikiyüzlükdə də deyil!

İki yüzdən də o tərəfdə, 206-cı yerdədir.

Bizdən düz 81 pillə geridə!

Elə 206-cı yerdə olduğuna görə 46 dəfə hücum etdik. Məhz bizdən düz 81 pillə geridə olduğundandır ki, qapılarına 26 dəfə zərbə endirdik.

Heyətində mühəndislər, mexaniklər, satıcılar oynadığına görədir ki, 90 dəqiqə Lixtenşteynin qapısı ağzında ağzımızı ayırıb oturduq. Amma bu 40 minlik balaca bir ölkənin həvəskar komandasına da qol vura bilmədik.

İndi nə deyəsən? Mən ayıb desəm, çox yumşaq çıxacaq…

… Bu komandanın gələcəyi işıqlı görünmür.

Soruşmaq istəyirsən ki, hanı bu millinin qol vurmalı olan hücumçuları, o biri mövqe oyunçuları, amma soruşmursan. Çünki yoxdur, yetişmir, yetişdirə bilmirlər. Əlimizi üzək(mi)?

Bəs, hanı baş məşqçinin olmayan futbol sistemi?

Hardadır bu bir ildə hələ də qurulmayan sabit heyət? Yerli məşqçi deyib az qala bar-bar bağıran biz media, azarkeşlər idik…

Heyf, ümidləri doğrultmursan, Ayxan müəllim.

Bu gün belə olmamalı idi…

Nə sizin üçün, nə də azarkeş üçün...

Aydın Bağırov

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 16:30 Çək və bizə göndər!
1 Oktyabr 09:40 1:1-in əsl dəyəri