Bəraəti olmayan məğlubiyyət - Kimdir günahkar(lar)?

19:00 Milli komanda 81
Bəraəti olmayan məğlubiyyət - Kimdir günahkar(lar)?

Azərbaycan millisi Millətlər Liqasında ikinci oyununu keçirdi. Ayxan Abbasovun komandası doğma meydanda Lixtenşteynlə qolsuz heç-heçə etdi.

Həqiqətən üzücü, məyusedici nəticədir. Düşünəndə ki, rəqibin heyətində cəmi iki futbolçu peşəkar futbolçudur, adam deməyə söz tapmır.

Digərləri müxtəlif sahələrdə çalışır. Mexanik olanı var, mühəndis olanı var, bərbər, həkim olanı var...

İndi hamı günahkar axtarışına çıxıb. Baş məşqçi Ayxan Abbasovu istefaya səsləyənlər var, AFFA-nı qınayan, tənqid edənlər var.

Açığı, hamının narazılıq etməkdə öz arqumenti var. Çünki Lixtenşteyni evdə məğlub edə bilməmək həqiqətən çox acı nəticədir.

Rəqib futbolçuların final fitindən sonra qələbə qazanmış kimi sevinməsi də çox şeydən xəbər verir.

Amma məncə, bu heç-heçədən sonra çox da günahkar axtarışına çıxmaq lazım deyil.

Çünki belə bir rəqibi məğlub etmək üçün baş məşqçinin hansısa xüsusi sehrinə ehtiyac yox idi.

Futbolçuların mütləq mükəmməl komanda oyunu göstərməsinə, mürəkkəb taktiki sistem icra etməsinə də ehtiyac yox idi.

Bu məsələni futbolçular özləri həll etməli idilər.

Lixtenşteyn o Lixtenşteyndir ki, ölkədə milli çempionat belə yoxdur.

Rəqib futbolçular bizim futbolçular kimi həftəboyu peşəkar məşq proqramı ilə hazırlaşmırlar.

Onların əksəriyyəti hansısa peşəkar klubun futbolçusu deyil.

Belə bir rəqibi udmaq üçün böyük sistemə, mürəkkəb taktiki plana ehtiyac olmamalıdır.

Futbolçularımız öz fərdi keyfiyyətləri, ustalıqları, sürətləri, texnikaları hesabına bu oyunun taleyini həll etməli idilər.

Amma 90 dəqiqə ərzində bunu bacarmadılar.

90 dəqiqə ərzində rəqib qapısına bir dəqiq zərbə vurmağı belə bacarmadıq. Halbuki bunun üçün kifayət qədər imkanımız var idi.

Ona görə də bu dəfə məsələni yalnız Ayxan Abbasovda, AFFA-da, sistemdə axtarmaq mənə görə doğru deyil.

Bəzən elə oyunlar olur ki, futbolçu meydana çıxır və fərqini göstərir.

Lixtenşteynlə oyunda isə həmin fərqi görə bilmədik.

İşin ən üzücü tərəfi də budur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti