Toralın Bursa kabusu - Alqışla gəlmişdi, qarğışla yola salınır!

21:20 Problem 184
Toralın Bursa kabusu - Alqışla gəlmişdi, qarğışla yola salınır!

Azərbaycan millisinin üzvü Toral Bayramovun “Bursaspor”dakı günləri gözlənildiyindən daha az çəkə bilər.

Hazırkı gedişat 25 yaşlı futbolçunun Türkiyə klubunda uzunmüddətli perspektivinin olmadığını göstərir.

“Bursaspor”a transfer olunduğu ilk günlərdə böyük rəğbətlə qarşılanan Bayramov şans qazandığı oyunlarda özünü yetərincə göstərə bilməyib. Nəticədə futbolçuya münasibət qısa müddətdə dəyişib.

Odur ki, “Bursaspor” azarkeşlərinin əksəriyyəti sosial şəbəkələrdəki rəylərdə həmyerlimizin komandaya uyğun olmadığını, başqa kluba keçməsinin daha məqsədəuyğun olacağını yazır.

Toralın Azərbaycan millisinin heyətində Tacikistana qol vurması da bursalı azarkeşlərin mövqeyini dəyişməyib.

Əksinə, yerli tərəfdarlar futbolçunun milli komandada fərqlənməsinə baxmayaraq, “ağ-yaşıl” formada eyni performansı göstərə bilmədiyini vurğulayırlar. Bir sözlə, Turalın Türkiyə klubundakı çıxışı ilə bağlı narazılıq getdikcə artır.

Belə vəziyyətin futbolçuya psixoloji baxımdan da təsir etməsi qaçılmazdır. Bir tərəfdən meydana çıxdığı zaman üzərindəki təzyiq, digər tərəfdən azarkeşlərin açıq narazılığı Toralın özünəinamına mənfi təsir göstərə bilər. Bu kimi faktlar onun “Bursaspor”dakı gələcəyi ilə bağlı sualları daha da artırır.

Hazırkı mənzərə dəyişməz qalarsa, qış fasiləsində sabiq “Qarabağ”lının klubdakı taleyi ilə bağlı ciddi müzakirələrin aparılması mümkündür.

Bu, ya futbolçunun rəhbərliklə görüşərək komandanı dəyişmək istəyini bildirməsi, ya da klub rəhbərliyinin onunla yolları ayırmaq qərarına gəlməsi formasında baş verə bilər.

Maraq üçün bildirək ki, bu ilin yayında Türkiyə klubu ilə 3 illik sözləşməyə qol çəkən millimizin üzvü cari mövsümdə 7 oyunda 237 dəqiqə şans qazanmaqla aldığı 2 sarı vərəqə ilə diqqət çəkib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti