Oktyabrın 3-də Bakıda əsl futbol bayramı yaşanacaq.
Türkiyənin köklü və nüfuzlu klublarından olan “Fənərbağça” ilə “Turan Tovuz” arasında keçiriləcək yoldaşlıq görüşünə artıq hazırlıqlar başlayıb.
Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda bu yöndə işlər davam edir.
Bu gün arenaya baş çəkərkən həm “Turan Tovuz”, həm də “Fənərbağça” azarkeşlərinin hazırlıqlarını müşahidə etmək mümkün idi. Xüsusilə Azərbaycanda yaşayan “Fənərbağça” tərəfdarları aktivliyi ilə diqqət çəkirdi.
50-yə yaxın azarkeş qrupunun üzvləri onlar üçün ayrılmış sektorda müxtəlif hazırlıq işləri aparırdı. Görünən odur ki, Türkiyə nəhənginin Bakıdakı tərəfdarları matç zamanı pankartlar və xüsusi xoreoqrafiya ilə “Fənər”ə dəstək olacaqlar.
Yəni oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda yalnız meydanda deyil, tribunada da maraqlı görüntülərin şahidi olacağıq.
“Turan Tovuz” azarkeşləri ilə yanaşı, “Fənərbağça”nın Azərbaycandakı fanatları da bu futbol gecəsinə xüsusi rəng qatmağa hazırlaşır.
Qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq və Azərbaycanın təcrübəli hakimlərindən olan Rəvan Həmzəzadə idarə edəcək.
HƏBİB / SPORTİNFO.AZ
